Daxili Qoşunların komandanı Milli Aviasiya Akademiyasında təhsil alan müdavimlərlə görüşüb

Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun Daxili Qoşunların Milli Aviasiya Akademiyasında təhsil alan müdavimləri ilə görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Milli Aviasiya Akademiyasının Trenajor Mərkəzinin direktoru Rauf Cəfərzadə və uçuş təlimatçıları ilə yanaşı Daxili Qoşunların Helikopter Eskadrilyasının komandiri polkovnik-leytenant Mirzə Fərəcov da iştirak edib.

Müdavimlər qarşısında çıxış edən general-leytenant Ş.Məmmədov ordu quruculuğu istiqamətində son illərdə həyata keçirilən məqsədyönlü islahatlardan söz açaraq prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkədə yüksək ixtisaslı hərbçi kadrların hazırlanması üçün hərtərəfli şəraitin yaradıldığını bildirib. O, hazırda Azərbaycanda aviasiya sahəsində ixtisaslı kadrların və yüksək dərəcəli mütəxəssislərin hazırlanmasında Milli Aviasiya Akademiyasının rolunun əvəzsiz olduğunu önə çəkib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 8 hərbi qulluqçusuna peşəkar, təcrübəli mütəxəssislər tərəfindən keyfiyyətli nəzəri və praktiki məşğələlərin keçirildiyinə, eyni zamanda müdavimlər üçün hərtərəfli şəraitin yaradıldığına görə Milli Aviasiya Akademiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirən general-leytenant Ş.Məmmədov gələcəkdə bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyini deyib.

Milli Aviasiya Akademiyasının Trenajor Mərkəzinin direktoru Rauf Cəfərzadə çıxış edərək hərbi təyyarəçilik peşəsinin məsuliyyətindən danışaraq bildirib ki, bu ixtisas hər bir müdavimdən son dərəcə nizam-intizamlı, özünə qarşı tələbkar olmağı tələb edir. O, diqqətə çatdırıb ki, ixtisas fənlərini dərindən mənimsəməyə çalışan Daxili Qoşunların müdavimləri peşə vərdişlərinin artırılması üçün əllərindən gələni əsirgəmir, daima öz üzərilərində çalışırlar. Tədris və təlimlərin yüksək keyfiyyətlə keçirildiyini deyən R.Cəfərzadə vurğulayıb ki, hazırda müdavimlərə nəzəri biliklər tədris edilir. Gələn ilin yanvar ayının 6-dan etibarən isə “Azərbaycan Hava Yolları”nın (AZAL) təcrübəli pilot-təlimatçıları tərəfindən müdavimlərlə praktiki uçuşlar həyata keçiriləcək.

Görüşün sonunda Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov müdavimlərə təhsildə və xidmətdə müvəffəqiyyətlər arzulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş