Daxili Qoşunların komandanı Pakistanın GİDS şirkətinin nümayəndə heyəti ilə görüşüb

Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Pakistanın GİDS şirkətinin baş direktoru Zübeyr İqbal Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence” Daxili Qoşunların saytına istinadən məlumat verib.

Nümayəndə heyətinin tərkibində Pakistan Birgə Qərargahının təmsilçisi, ehtiyatda olan polkovnik Xalil Ahmad və GİDS-in Mərkəzi Asiya regionu üzrə layihələr departamentinin direktoru Mehtab Nazir Ahmad təmsil olunub.

General-leytenant Ş.Məmmədov, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu diqqətə çatdıraraq hər iki ölkə arasında qarşılıqlı dostluq münasibətlərindən söz açıb. Ölkələrimiz arasında əməkdaşlığın mövcudluğunu müsbət hal kimi qeyd edən komandan, bu istiqamətdə mühüm irəliləyiş və perspektivlərin olacağına ümid etdiyini bildirib.

Zübeyr İqbal Malik rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, eyni zamanda xarici ölkələrlə əməkdaşlığından söhbət açıb.

KATEQORIYA:
Bu xəbəri paylaş