Daxili Qoşunların komandanı Şəkidə əsgər valideynləri ilə görüşüb

Azərbaycan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov Daxili Qoşunların Şəki şəhərində yerləşən hərbi hissəsində olub. Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Səfər 2014-cü ildə qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıq vəziyyətinin yoxlanılması məqsədi daşıyıb. Hərbi hissədə general-mayor Ş. Məmmədov şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb, xidməti döyüş fəaliyyəti ilə yaxından tanış olub.

Səfər çərçivəsində Ş. Məmmədov əsgər valideynlərini qəbul edərək onların müraciətlərini dinləyib. Görüş zamanı əsgər valideynləri hərbi hissədə övladları üçün yaradılmış şəraitə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıq bildiriblər.

Ordu quruculuğu sahəsində sözün əsl mənasında məqsədyönlü islahatların həyata keçirildiyini nəzərə çatdıran əsgər valideynləri vurğulayıblar ki, hər dəfə hərbi hissədə olarkən bir daha bunun şahidi olurlar.

General-mayor Ş.Məmmədov öz növbəsində qeyd edib ki, hərbi qulluqçular, o cümlədən əsgərlər üçün yaradılmış hərtərəfli şərait respublika prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən şəxsi heyətə göstərilən diqqət və qayğının nəticəsidir.

Sonra əsgər valideynlərinin qaldırdığı məsələlərin yerindəcə həll olunması, həmçinin icrasının nəzarətdə saxlanılması barədə hərbi hissə komandirinə konkret göstərişlər verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş