Daxili Qoşunların komandanı Türkiyə Jandarmasının zabitləri ilə görüşüb

Daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov Daxili Qoşunlarda ezamiyyət müddəti başa çatan Türkiyə Jandarma Qüvvələrinin zabitləri polkovnik Eyyüp Şekeri və yeni fəaliyyətə başlayan polkovnik İzzet Cüralı qəbul edib. Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Görüşdə general-mayor Ş.Məmmədov Daxili Qoşunlar ilə Jandarma Təşkilatı arasında əməkdaşlıq əlaqələrinin son illər daha da inkişaf etdiyini vurğulayıb.

Komandan Daxili Qoşunlarda uğurlu fəaliyyətlərini başa vuran polkovnik Eyyüp Şekerə komandanlıq və şəxsi heyət adından təşəkkürünü bildirib, onu “Xidmətdə fərqlənməyə görə” döş nişanı ilə təltif edib. O, yeni müşavir polkovnik İ.Cürala gələcək fəaliyyətində nailiyyətlər arzulayıb. Polkovnik İ.Cüral öz növbəsində bundan sonra da iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında 1997-ci ildə imzalanmış müvafiq Protokola əsasən, Daxili Qoşunlarda təlim-tədris prosesinin təkmilləşdirilməsi məqsədilə türkiyəli zabitlər mütəmadi olaraq müəyyən müddətə müşavir və müəllim kimi Daxili Qoşunlara ezam olunurlar. Polkovnik Eyyüp Şeker qoşunlarda ezamiyyət müddətində Daxili Qoşunlar komandanının müşaviri vəzifəsində çalışıb.

KATEQORIYA:
Bu xəbəri paylaş