Daxili Qoşunların yaranmasının 23-cü ildönümü qeyd olunub

Martın 12-də Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 23 il ötür.

“AzeriDefence”nin Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçu Fəxri xiyabanda Heydər Əliyevin və oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının məzarlarını və Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak edib.

Ramil Usubov şəxsi heyəti salamlayaraq, əlamətdar hadisə münasibətilə onları təbrik edib, Şərəf kitabına ürək sözlərini yazıb.

Daxili Qoşunların 23 il ərzində keçdiyi şanlı döyüş və xidmət yolu barədə məruzə ilə çıxış edən general-leytenant Şahin Məmmədov ulu öndər Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı fərmanla Daxili Qoşunların ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları günün – martın 12-nin Daxili Qoşunlar Günü elan olunduğunu xatırladıb.

Qeyd olunub ki, döyüş əməliyyatlarında Daxili Qoşunların şəxsi heyətindən 510 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb. Qarabağ savaşında iştirak etmiş hərbi qulluqçulardan 9 nəfəri «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb. Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı Ümummilli Liderin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqətindən kənarda qalmayıb, bir çox hərbi qulluqçu dövlət mükafatlarına layiq görülüb.

Daxili Qoşunların yüksək döyüş hazırlığına malik olduğunu deyən Ş.Məmmədov qeyd edib ki, bunun üçün əsas amillərdən olan maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində geniş işlər aparılır, bütün hərbi hissələr müasir tipli silah və xüsusi vasitələr, döyüş sursatları, zəruri texnika və nəqliyyat vasitələri ilə təmin olunur. Nəzərə çatdırılıb ki, Daxili Qoşunların şəxsi heyəti Ali Baş Komandanın bu ali diqqət və qayğısına fədakar xidməti ilə cavab verir.

Ş. Məmmədov qeyd edib ki, səhra təcrübəsinin təkmilləşdirilməsi, hərbi qulluqçuların fərdi bacarıqlarının və birgə fəaliyyətlərinin, istənilən hava və coğrafi şəraitlərdə tapşırıqların yerinə yetirilməsinin prinsiplərinin müəyyən edilməsi, habelə, əməliyyatlar zamanı döyüş təminatının vaxtında təşkil edilməsi məqsədilə, Daxili Qoşunlarda xüsusi-taktiki hərbi təlimlər keçirilir, real əməliyyat şəraitinə uyğunlaşdırılmış bu tədbirlər hazırda da davam etdirilir. Ötən ilin iyun ayında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibəti ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların iştirakı ilə keçirilmiş irimiqyaslı birgə əməliyyat-taktiki təlimdə qarşıya qoyulan bütün məqsədlərə nail olunub, şəxsi heyətin peşəkarlığı Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bayram münasibətilə təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb. Silahlı Qüvvələrimizin formalaşmasında Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayan nazir Daxili Qoşunların şəxsi heyətinin ərazi bütövlüyümüz və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən biri olduğunu xüsusi qeyd edib. Ötən müddətdə paytaxtda keçirilmiş beynəlxalq idman yarışları və digər kütləvi tədbirlərdə Daxili Qoşunların hərbi qulluqçularının polis əməkdaşları və digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai təhlükəsizliyin təmini üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla icra etdiklərini xatırladan R. Usubov bu ilin yayında ölkəmizdə keçiriləcək 1-ci Avropa Oyunları zamanı da şəxsi heyətin öz missiyasını layiqincə yerinə yetirməsi üçün bütün qüvvə və səylərini səfərbər edəcəyinə əminliyini bildirib.

Daha sonra Daxili Qoşunların yaranmasının növbəti ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi sərəncamlar, həmçinin, daxili işlər nazirinin və nazir müavini, Daxili Qoşunlar komandanının imzaladıqları əmrlər elan olunub. Xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya dövlət təltifləri və yeni hərbi rütbələrin poqonları təqdim edilib.

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub

KATEQORIYA:
Bu xəbəri paylaş