Daxili Qoşunların yaranmasının ildönümünə həsr olunmuş mərasim keçirilib

Daxili Qoşunların yaranmasının ildönümünə həsr olunmuş mərasim keçirilib

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 28-ci ildönümü qeyd edilib.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda milli lider Heydər Əliyevin və Zərifə Əliyevanın xatirəsini ehtiramla yad ediblər. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılmış “Əbədi məşəl” önünə əklil qoyulub, Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının abidəsi ziyarət olunub.

Sonra Daxili Qoşunların Baş İdarəsində əlamətdar hadisə-növbəti ildönümə həsr olunmuş mərasim keçirilib. Tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Milli Lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün – 1992-ci ilin 12 mart tarixi “Azərbaycan Respublikasının Daxili Qoşunları Günü” elan olunub.

Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənin yeni tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdıran nazir müavini xalqa və dövlətə sədaqətlə xidmət edən Qoşunların hərbi qulluqçularının polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini vurğulayıb. O, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 672 hərbi qulluqçusunun şəhid olduğunu, 1173 nəfərin yaralandığını, 9-nun itkin düşdüyünü və hərbi qulluqçulardan 9 nəfərinin “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü qeyd edib.

Tədbirdə iştirak edən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Daxili Qoşunların yaranmasının 28-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin səmimi təbriklərini, ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb. O, çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini, ali diqqət və qayğı, eyni zamanda ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığa malik mobil bir quruma çevrildiyini vurğulayıb.

Sonra çıxış edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini, hərbi hissələrin müasir standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edildiyini bildirib.

V.Eyvazov qeyd edib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, mədəni-kütləvi tədbirlər zamanı, eləcə də təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında qoşunların şəxsi heyət üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.

Bildirilib ki, Prezidentin dünən imzaladığı müvafiq sərəncamları ilə daha 18 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılanıb. Sonra əlamətdar gün münasibətilə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə Daxili İşlər Nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra mükafatlar sahiblərinə təqdim edilib.

Tədbirin sonunda mərasim iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş