
“Derivasiya-PVO” zenit-top kompleksi 2022-ci ildə silahlanmaya qəbul ediləcək
Rusiyanın “Derivasiya-PVO” adlı yeni zenit-top kompleksinin ilkin sınaqları tamamlanıb.
Azeri Defence saytının TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Uralvaqonzavod” (UVZ) konserninin baş direktoru Aleksandr Potapov deyib.
UVZ-nin baş direktoru bildirib ki, “Derivasiya-PVO” zenit-top kompleksinin ilk partiyası 2022-ci ildə Rusiya Ordusunun silahlanmasına daxil olacaq.
2S38 “Derivasiya-PVO” özüyeriyən zenit artilleriya kompleksi ilk dəfə “Armiya-2018” forumunda nümayiş etdirilib.
BMP-3 piyada döyüş maşınının şassisi üzərində quraşdırılan “Derivasiya-PVO” kompleksinin əsas silahı 57 mm-lik uzun mənzilli topdur. Kompleks həmçinin 7.62 mm-lik PKTM pulemyotu ilə silahlandırılıb. Özüyeriyən artilleriya kompleksi 4.5 km hündürlükdə və 6 km məsafədəki hədəfləri vura bilər. Bu digər mövcud silahların imkanlarından 50 faiz yüksəkdir.
Özüyeriyən artilleriya kompleksi əsasən aviasiya vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının və dəqiq silahların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. Bundan başqa “Derivasiya-PVO”nun xüsusiyyətləri piyada qüvvələrini dəstəkləməyə imkan verir.