DİN Daxili Qoşunlarının 25 illik yubileyi qeyd olunub

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının yaranmasının 25 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

“AzeriDefence” DİN-nin saytına istinadən verdiyi məlumata görə, tədbirdə daxili işlər nazirinin müavini – Daxili Qoşunlar Komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. Ş. Məmmədov qeyd edib ki, ötən illər ərzində Daxili Qoşunlar ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb.

Ş. Məmmədov bildirib ki, Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında Daxili Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166 nəfəri yaralanıb, 268 nəfəri isə itkin düşüb. Hərbi qulluqçulardan 9 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Qeyd olunub ki, atəşkəs dövründə Daxili Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ-hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. İctimai asayişi pozmaq cəhdlərinin qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə keçirilən xüsusi əməliyyatlarda şəxsi heyət hər zaman yüksək döyüş hazırlığı, peşəkarlıq göstərib.

Prezident İlham Əliyevin peşə bayramı münasibətilə təbriklərini şəxsi heyətə çatdıran daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd edib ki, son illər Daxili Qoşunlarda hərbi intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər mənəvi-psixoloji durumu daha da yaxşılaşdırıb, tabelik münasibətlərini əhəmiyyətli dərəcədə möhkəmləndirib, hüquqazidd əməllərin və kobud intizam pozuntularının sayı minimuma enib, qrup halında nizamnamədənkənar münasibət faktları isə ümumiyyətlə qeydə alınmayıb.

R.Usubov Daxili Qoşunların bu gün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlara tam hazır olduğunu, bu missiyanın uğurla həyata keçirilməsi üçün şəxsi heyətin Silahlı Qüvvələrlə birgə hərbi təlimlərdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

Nazir vurğulayıb ki, bu gün dövlət başçısının ali diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir.

Tədbirdə o da nəzərə çatdırılıb ki, Daxili Qoşunlar 1997-ci ildən Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Bu illər ərzində Jandarma Qüvvələrinin yardımı ilə Qoşunlarda xidməti-döyüş fəaliyyəti və kadr hazırlığı işi müasir tələblərə uyğun qurulub.

Nazir R.Usubov qeyd edib ki, yaranmasından cəmi 25 il keçməsinə baxmayaraq, bu gün Daxili Qoşunlar hazırlıq səviyyəsinə görə aparıcı Avropa dövlətlərinin müvafiq qurumlarından heç də geri qalmır və dünyada tanınmış hərbi ekspertlər də bunu etiraf edirlər.

Daha sonra Daxili Qoşunların yaranmasının 25-ci ildönümü ilə əlaqədar bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında prezident İlham Əliyevin Sərəncamı, həmçinin daxili işlər nazirinin və nazir müavini – Daxili Qoşunlar Komandanının imzaladıqları əmrlər elan olunub. Xidmətdə fərqlənənlərə dövlət təltifləri və yeni  rütbələrin paqonları təqdim edilib.

Tədbirin sonunda mərasim iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş