DN TECHNOLOGİES “Silahların Simulyasiyası” ilə hərbi hazırlıq dərslərinə yenilik gətirir

DN TECHNOLOGİES “Silahların Simulyasiyası” ilə hərbi hazırlıq dərslərinə yenilik gətirir

Azərbaycanda təlim simulyatorlarının yaradılması və istehsalı üzrə ixtisaslaşmış “DN Technologies” şirkəti “Gənclərin çağırışaqədərki hazırlığı” fənnində tədris olunan atıcı silahların virtual sökülüb yığılması üçün silah simulyasiyası layihəsini hazırlayıb.

Bu barədə AZERİ DEFENCE jurnalına müsahibəsində “DN Technologies” şirkətinin həmtəsisçisi və baş direktoru Ceyhun Nabadov bildirib.

Ceyhun Nabadovun sözlərinə görə, simulyatorda silahın tutulması, hədəfin nişan alınması və atəş açılması vərdişləri aşılanır. Bunun arxasında həm də tədris vəsaitləri olmalıdır: “Fikrimizcə, tədris vəsaitlərindəki bəzi mövzuları şagirdlərə animasiya formasında göstərmək daha məqsədəuyğun və yadda qalıcı olacaqdır. Bizim düşündüyümüz “Silahların Simulyasiyası” layihəsində orta məktəblərdə tədris edilən atıcı silahların üçölçülü modeldə, kompüterdə sökülüb-yığılması və bu prosesin müəllimin iştirakı olmadan qiymətləndirilməsi əksini tapır. Məlum səbəblərdən bu gün məktəblərin böyük əksəriyyətində təlim silahları yoxdur. Təlim silahlarının saxlanması üçün xüsusi otaqlar yaradılmalı, mühafizə təmin edilməli və s. tədbirlər lazımdır. Hesab edirəm ki, “Silahların Simulyasiyası” layihəmiz üçün qoyulan tələblərə, orta təhsil müəssisələrimizin müvafiq maddi-texniki bazası tam cavab verir”.

Şirkət rəhbəri “DN Technologies”in bir neçə qurumla atış simulyatorları ilə təchiz edilmiş Virtual Təlim Mərkəzi ideyası üzərində müzakirələr apardığını da deyib. Onun sözlərinə görə, bu təlim mərkəzi gələcəkdə ölkədə keçirilən hərbi-vətənpərvərlik idman oyunlarının bəzi elementlərində yer ala bilər: “Düşünürəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər Fondu, Təhsil Nazirliyi və digər qurumlarla birlikdə bu layihəni reallaşdıra bilərik. Bu mərkəzə həmin bölgədə, rayonda atış simulyatorları olmayan məktəbləri də yönəltmək mümkündür. “Şahin” hərbi-vətənpərvərlik idman oyunları ilə bərabər bu mərkəzdə virtual atış yarışmaları keçirə bilərik. Hesab edirəm ki, layihəni reallaşdıra bilsək böyük maraq yaranacaq”.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş