Dövlət Komissiyası: Ermənilər Azərbaycan Ordusunun itkin düşmüş giziri barədə informasiyanı gizlədir

Döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edildikdən sonra Azərbaycan tərəfi həlak olan və itkin düşən hərbi qulluqçuların taleyinə aydınlıq gətirilməsi ilə bağlı üzərinə düşən bütün məsələlərin icrasını həyata keçirib.

Bu barədə “AzeriDefence”yə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Komissiya bildirir ki, bu günə kimi “hamının-hamıya” prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib. Eyni zamanda, daha bir erməni hərbi qulluqçusunun meyitinin tapılaraq Azərbaycan tərəfində olması barədə prosesin iştirakçıları məlumatlandırılıb və onun qaytarılmasına hazır olduğu bəyan edilib.

Lakin döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman Azərbaycanın bir hərbi qulluqçusunun – kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. İtkin düşən hərbi qulluqçunun erməni tərəfinin əlində olduğu ehtimal edilir. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır.

“Azərbaycan tərəfinin razılaşmanın tələblərinə hörmətlə yanaşdığını və şərtlərə tam əməl etdiyini nəzərə alaraq, qarşı tərəfi də eyni addım atmağa dəvət edirik. Həmçinin, aidiyyəti beynəlxalq qurumları kiçik gizir S.Baxışovun taleyinə aydınlıq gətirilməsi, onun axtarılaraq yerinin müəyyən olunması və tezliklə geri qaytarılmasına köməklik göstərilməsi məsələsində prinsipiallıq nümayiş etdirməyə çağırırıq” deye Dövlət Komisiyasından bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş