Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün təlim keçirilib

Aprelin 11-13-də BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və Dövlət Sərhəd Xidmətinin “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihəsi çərçivəsində milli təlim keçirilib.

“AzeriDefence”nin məlumatına görə, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, “Sərhəd qurumlarının müxtəlif xidmət sahələri üzrə ehtiyaclara dair sektoral kvalifikasiya çərçivəsinin müəyyənləşdirilməsi” mövzusunda keçirilmiş təlimlərdə Dövlət Sərhəd Xidmətinin aidiyyəti qurumlarının mütəxəssisləri və qərargah zabitləri ilə yanaşı, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi və layihənin əməkdaşları da iştirak ediblər.

Layihə üzrə tərəf müqabili olan Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (İCMPD) Avstriya və Rumıniyadan olan ekspertləri tərəfindən keçirilmiş təlimdə sərhəd qurumlarının müxtəlif fəaliyyət sahələri üzrə tələb olunan peşəkar qabiliyyətlərin müəyyənləşdirilməsi, xidmət sahələri üzrə tələb olunan təsnifat kvalifikasiya çərçivələrinin tətbiqi, eyni zamanda, xüsusi təlim proqramlarının hazırlanması və tətbiqi kimi məsələlərin əks olunduğu geniş təqdimatlar həyata keçirilib.

İştirakçıların böyük marağına səbəb olan təqdimatlar ətrafında geniş fikir mübadiləsi aparılıb, layihənin icrası zamanı bu sahədə qabaqcıl texnologiya və təcrübənin tətbiqinə dair səslənən fikirlər, verilən məlumatların iştirakçıların bilik və bacarıqlarının artırılması, habelə onların gələcək iş fəaliyyətlərinin daha da güclənməsi üçün vacib olduğu vurğulanıb.

Sonda iştirakçılar sertifikatla təltif olunublar.

 

KATEQORIYA:
Bu xəbəri paylaş