Dövlət Sərhəd Xidmətinin təlimində bu raketlər atıldı – FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Xəzər dənizində keçirilən taktiki təlimlərdə xidmətin hərbi birləşmələrinin silahlanmasında yer alan uzun mənzilli raket sistemləri ilə atışlar həyata keçirilib.

“AzeriDefence”nin məlumatına görə, DSX-nin paylaşdığı fotolarda “Tufan” (OPV-62/SAAR-62) layihəli gözətçi gəmisindən “Spike” idarə olunan raket ailəsinin 25 km mənzilə sahib “Spike NLOS” versiyası ilə sahildəki hədəfə atışın həyata keçirildiyi əksini tapıb.

“Rafael” şirkətinin istehsalı olan ultra-uzun məsafəli “Spike NLOS” (Non Line of Sight) görünüş zonasından uzaqda qalan hədəfləri vurmaq üçün nəzərdə tutulub. Raketin ümumi çəkisi təqribən 70 kq-dır. Hədəfi 95% dəqiqliklə vuran “Spike NLOS” həm gəmilərdən, həm yerdən, həm də helikopterdən atıla bilər. Raketlərdə kumulyativ, yaxud fuqas tipli döyüş başlığından istifadə olunur. Raketin izləmə kamerası sayəsində atışdan sonra uçuş trayektoriyası üzrə bütün görüntüləri idarəetmə mərkəzinə ötürür. Bu informasiyalar əsasında, ehtiyac yarandıqda raketin hədəf bilgilərini dəyişdirmək mümkündür.

Qeyd edək ki, “Spike NLOS” Azərbaycan daxil olmaqla bir neçə ölkənin silahlanmasına daxildir.

Fotolardan görünən digər maraqlı atış isə Mi-17 helikopterindən buraxılan LAHAT (Laser Homing Attack or Laser Homing Anti-Tank) tank əleyhinə raketidir. Özütuşlanan yarı aktiv lazer başlıqlı LAHAT raketinin uzunluğu 975 mm, çəkisi 13 kq, döyüş başlığı 10 kq, atış məsafəsi hava platformalarından buraxıldıqda 13000 metrədəkdir. İstehsalçı İsrailin İAİ şirkətidir.

DSX-nin yaydığı məlumatda təlimdə qarşıya qoyulan vəzifələrin tam həcmdə icra olunduğu, şəxsi heyətin möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirdiyi qeyd olunub.



KATEQORIYA:
Bu xəbəri paylaş