“Dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlarda dəyişikliklər edilir

Azərbaycan Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlarda dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihələri müzakirə edilib.

Bu barədə “AzeriDefence” “Azərtac”a istinadən xəbər verib.

Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, hər iki qanun layihəsinin əsas mahiyyəti idxal, ixrac əməliyyatları zamanı Azərbaycanın milli maraqlarını möhkəmləndirmək və dövlət təhlükəsizliyini daha da gücləndirmək məqsədi ilə Sərhəd Qoşunlarına əlavə səlahiyyətlərin verilməsidir.

“Dövlət sərhədi haqqında” Qanunun 12-ci maddəsinin ikinci və üçüncü hissələrində yeni redaksiyada veriləcək dəyişikliyə görə, nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının və ya əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Sərhəd Qoşunlarının tələbi əsasında gömrük orqanlarının iştirakı ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və ya dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitəsi barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri Sərhəd Qoşunlarının tələbi ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar.

Qeyd edilib ki, “Sərhəd qoşunları haqqında” Qanunun 1.1.6-cı bəndində yeni redaksiyada veriləcək dəyişikliyə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının və onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də digər əşyaların Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrindən kənardan Azərbaycanın dövlət sərhədindən keçirilməsinin qarşısının alınmasını təmin edir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş