Dövlət sərhədini pozan Türkiyə vətəndaşı saxlanılıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi qaçaqmalçılıq və qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində oktyabrın11-də Beyləqan rayonun 2-ci Şahsevən kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İrandan Azərbaycana dövlət sərhədini pozan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Kisalar Bağış Bayram oğlu saxlanılıb.

Şəxsin üzərindən 97 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları, 12 ədəd psixotrop həb, 1 ədəd noutbuk, 3 ədəd mobil telefon, saxta olması ehtimal edilən 5000 (beş min) rus rublu, iki ədəd pasport və müxtəlif bank kartları aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, B.Kisalar 2012-ci ildə rəsmi qaydada Azərbaycana gəlib və ölkə ərazisində yaşama qaydalarını pozduğuna görə, 09.01.2016-cı il tarixdən Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ölkəyə girişinə məhdudiyyət qoyulub.

Buna baxmayaraq B.Kisalar oktyabrın 9-da rəsmi qaydada Türkiyədən İrana gəlib və bir gün sonra yerli bələdçilərin köməkliyi ilə İrandan Azərbaycana ötürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş