Dövlət Sərhəd Xidməti Akademiyası məzunlarının buraxılışı olub – FOTOLAR

Bu gün Dövlət Bayrağı Meydanında Dövlət Sərhəd Xidməti (DSX) Akademiyası məzunlarının buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. “AzeriDefence”nin məlumaştına görə, mərasimdə Dövlət Sərhəd Xidmətinin komandanlığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideyinləri və ailə üzvləri iştirak ediblər.

DSX-nin nümunəvi hərbi orkestrinin ifasında dövlət himni səsləndirildikdən sonra məzunlara diplomlar təqdim olunub. DSX Akademiyasının döyüş bayrağı meydana gətirilib, Xidmətin zabit sıralarına daxil olan gənc leytenantlar “Sərhədçi andı” içiblər.

Tədbirdə gənc zabitlər adından çıxış edən Fərid Mehbalı çətin, lakin şərəfli sərhədçi peşəsini seçmələrindən qürur duyduqlarını, qarşılarına qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyə daim hazır olduqlarını deyib.

O, Vətənə ləyaqətlə xidmət edəcəklərinə, dövlət sərhədlərimizi göz bəbəyi kimi qoruyacaqlarına söz verib.

Gənc leytenant sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnməkdə, Akademiyanı uğurla başa vurmaqda əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdarlığını bildirib.

Akademiyanın rəisi, general-mayor Araz Məmmədov deyib ki, bu il 131 gənc zabitin, o cümlədən ilk dəfə olaraq dənizçi və aviasiya ixtisaslı zabitlərin bitirdiyi bu ali hərbi təhsil müəssisəsində vətənpərvər, Azərbaycan dövlətçiliyinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına sadiq, savadı və intizamı ilə seçilən zabitlərin hazırlanması, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və maddi-texniki baza formalaşdırılıb.

A.Məmmədov bildirib ki, hər bir təhsil müəssisəsində buraxılış mərasimi həm təhsil müəssisəsinin həyatında, həm də məzunların həyatında əlamətdar hadisədir. Gənc zabitləri sərhədlərin mühafizəsinə yola salırıq. Bu münasibətlə məzunları və valideynləri təbrik edirəm. Məzunlar Akademiyada yüksək təhsil alıb, silah və sursatın sirlərini öyrənib, peşəkar zabit kimi formalaşıblar.

Əlamətdar haldır ki, bu il ilk dəfə məzunlar sırasında dənizçi və aviasiya ixtisaslı zabitlər də var. Əminəm ki, gənc zabitlər uzun illər sərhədlərimizi mühafizə edəcək, içdikləri anda sadiq qalacaqlar.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev gənc leytenatları ulu öndər Heydər Əliyev dövlətçiliyinə sədaqət, Vətənə məhəbbət ruhunun, müzəffərlik və yenilməzlik kimi keyfiyyətlərinin yeni nəsil daşıyıcıları olmaq münasibətilə təbrik edib, Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində əldə olunmuş xidməti nailiyyətlər barədə məlumat verib, gələcək xidmətlərində məzunlara uğur və müvəffəqiyyətlər arzulayıb.

General-polkovnik E.Quliyev prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan dövlətinin gücünün və iqtisadi qüdrətinin tərənnümünə çevrilmiş birinci Avropa Oyunlarının təşkili və keçirilməsi zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan sərhədçilərinin dövlətimizin bu qələbəsini böyük ruh yükəkliyi ilə qarşılamalarını xüsusi qeyd edib.

DSX rəisi hər bir sərhədçi kimi, gənc zabitlərin də dövlətçilik ənənələrinə sadiq olacaqlarına, sərhədlərimizin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını daim uca tutacaqlarına əminliyini bildirib.

Akademiyanın şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçib.

Sonra Elçin Quliyev məzunlarla xatirə şəkilləri çəkdirib.

Daha sonra gənc zabitlər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş