Dövlət Sərhəd Xidməti Akademiyasının məzunlarının buraxılışı olub

Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının məzunlarının buraxılış mərasimi keçirilib.
“AzeriDefence”nin xəbərinə görə, Dövlət Bayrağı Meydanında keçirilən mərasimdə DSX rəhbərliyi, ictimaiyyət nümayəndələri, məzunların yaxınları, həmçinin Azərbaycanın xarici ölkələrdə akkreditə olunmuş səfirləri iştirak ediblər.

Tədbirdə əvvəlcə gənc zabitlərə diplomlar verilib. Gənc leytenantlər Sərhədçi Andı içiblər.

Daha sonra tədbirdə çıxış edən DSX Akademiyasının rəisi Araz Məmmədov xatırladıb ki, 2007-ci ildə Akademiyanın yaradılması barədə qərar qəbul edilib. Ötən dövrdə Akademiyada Azərbaycan sərhəd mühafizəsinin kadrlarla komplektləşdirilməsində mühüm işlər həyata keçirilib: “Bu gün üç leytenant akademiyanı fərqlənmə ilə bitirib. Akademiya peşəkar kadrlar yetişdirir. 2010-cu ildə bizə təhvil verilmiş 17-18 yaşlı gənclər bu gün Azərbaycanın sərhədlərinin mühafizəsinə zabit olaraq yola salınırlar”.

DSX-nın rəisi, general-leytenant Elçin Quliyev isə məzunları və onların ailə üzvlərini təbrik edib. Gənc zabitlərə uğurlar arzulayan DSX rəisi onlara dövlət sərhədlərinin mühafizəsində ayıq-sayıq olmalarını tövsiyyə edib: “Əminəm ki, siz gənc zabitlər Azərbaycanın sərhədlərinin mühafizəsi işində öz töhfələrinizi verəcəksiniz”.

Azərbaycanın sərhəd mühafizəsində görülən işlərdən danışan general-leytenant E. Quliyev bildirib ki, 2014-cü ilin birinci yarısında 2 yeni hərbi hissə əsaslı təmir edilərək istifadəyə verilib. Yeni zastavalar, sosial obyektlərin inşası davam etdirilir. Sərhəd xidmətində tikinti-quruculuq işləri ilə yanaşı, müasir silah, texnika, uçuş vasitələri ilə təminat yüksələn xətt üzrə gedir.

DSX rəisi onu da əlavə edib ki, bu gün Azərbaycan sərhədçilərinin amalı üçrəngli dövlət bayrağını Azərbaycanın işğal altındakı ərazilərində qaldırmaq, dövlətimizin bütün sərhədlərini mühafizə altına almaqdır.

Çıxışlardan sonra məzunlar təntənəli marşla keçid ediblər.

Mərasimdən sonra DSX rəisi gənc zabitlərin valideynləri ilə görüşüb. Onların fikir və təkliflərini dinləyib, məsləhətlərini verib.

KATEQORIYA:
Bu xəbəri paylaş