“Döyüş Gündəliyi.Talış” sənədli filmi Rusiyada nümayiş olunub

Hərbi bloger Tofiq Şahmuradovun “Döyüş Gündəliyi.Talış” sənədli filminin Moskvada təqdimatı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, filmin yaradıcı heyətinin iştirakı və Rusiyada yaşayan azərbaycanlıların dəstəyi ilə keçrilən təqdimetmə mərasimində Moskva, Leninqrad, Samara, Yaroslavl vilayətlərindən 130 nəfərdən çox soydaşımız iştirak edib.

Qarabağ savaşında şəhid olmuş əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimini jurnalist Anar Həsənov açıb. Tədbirin təşəbbüskarı olan A. Həsənov salamlama nitqində filmin niyə Moskvada keçrilməsini Rusiyadakı icmamızın bu kimi mövzuda tədbirlərə ehtiyac duyması və bu sahədə illərlə müşahidə olunan boşluğu doldurmaq niyyəti ilə izah edib. Onun fikrincə, 2016-ci il aprel doyüşlərində əldə edilən hərbi-siyasi uğurlar barədə məlumatlandırma və düşmən təxribatına qarşı Rusiyadakı diaspor qurumları passivlik göstəriblər. O qeyd edib ki, Azərbaycan Ordusuna diqqəti artırmaq niyyətilə bu kimi tədbirləri daha çox keçirmək lazımdır.

Məlumat verilib ki, “Döyüş Gündəliyi. Talış” Azərbaycan Silahlı Qüvvələrinin 2016 cı ilin aprel ayında Ağdərə istiqamətindəki əkshücüm əməliyyatlarından bəhs edir. Müəllif, erməni işğalçılarından təmizlənmiş 6 mühüm yüksəklik, o cümlədən düşmənin 21 möhkəmləndrilmiş postunu göstərərək, Azərbaycan silahlı qüvvələrinin bu məntəqələri necə ələ keçirdiyini nəql edir.

Filmdə həmin döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş hərbiçilərin və erməni təxribatı zamanı həlak olmuş dinc sakinlərin qohumlarının müsahibələri, məğlub erməni hərbiçilərinin acı etirafları yer alıb. Tofiq Şahmuradov filmin ərsəyə gəlməsində şəxsən müdafiə naziri general polkovnik Zakir Həsənovun rolunu xüsusi qeyd edib.

Tədbir zamanı filmin hərbi məsləhətçiləri, Qarabağ müharibəsi iştirakçıları, hərbi ekspertlər Nazim Bayram və Abuzər Abilovun çıxışları maraqla qarşılanıb. Onlar Azərbaycan icmasını maraqlandıran sualları cavablandırıblar.

https://www.youtube.com/watch?v=OyKDY-HTDSY&feature=share

Tədbirdə birinci Qarbağ müharibəsinin iştirakçısı olmuş 30-a yaxın qazi iştirak edib. Onlar tədbirə Rusiyanın müxtəlif regionlarndan qatılıblar.

Birinci Qarabağ savaşının döyüşçüsü Mircamal Ağarəhimli isə qeyd edib ki, onlar döyüşə hər zaman hazırdırlar: “Biz döyüş, torpaq deyiləndə təcrübəsi olan və cəngavərə dönən 40 yaşında gənc insanlarıq. Bizə veteran kimi baxmaq deyil, döyüşçü kimi ön sıralara göndərmək və potensialımızdan istifadə etmək lazımdır”.

Tədbirdə çıxış edən Rusiya Xalqlar Dostlugu Universitetinin professoru, iqtisad elmleri doktoru Hacı Mirəşrəf Fətiyev, jurnalist Cəfərsadıq Abbasov, şair Həsib Nəbioğlu və digərləri öz növbəsində yaradıcı heyətə minnətdarlıqlarını bildiriblər.

Təqdimat “Qarabağı azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin “İrəli”” əmrini gözləyirik”- notları ilə bitib.

KATEQORIYA:
Bu xəbəri paylaş