Döyüş modulları: Azərbaycan, Gürcüstan və Qazaxıstanın istehsal layihələri

Döyüş modulları: Azərbaycan, Gürcüstan və Qazaxıstanın istehsal layihələri

2010-cu ildən başlayaraq Azərbaycan, Qazaxıstan və Gürcüstanın müdafiə sənayesi müəssisələri tərəfindən nəqliyyat vasitələri və dəniz platformaları üşün döyüş maşınlarının silahlandırılması məqsədi ilə müxtəlif çaplı pulemyotlar və toplarla silahlandırılmış döyüş modullarının yaradılması istiqamətində işlər aparılır.

Yerli istehsalçıların ciddi çalışmalarına baxmayaraq, uzun müddətdi region dövlətləri ilə sıx işləyən xarici istehsalçıların bazarı öz təsirində saxlama çalışmaları, Müdafiə nazirlikləri və digər qurumların “xarici məhsul sevgisi” yerli sənayeni bir çox çətinliklərlə üz-üzə qoyur. Nəticədə yerli istehsalçıların məhsulları ya yaradılma layihəsi kimi qalır, ya da yerli istifadəçilərin “diqqətsizliyi”nə görə, xarici bazara çıxarılır.

Bu yazımızda regionun sözügedən üç dövlətinin müdafiə sənayesi şirkətləri tərəfindən yaradılan layihələrdən bəhs etməyə çalışacağıq.

Ötən 10 ildə Azərbaycan xaricdən 200-dən çox distans idarəetməli döyüş modulu idxal edib ki, bunun da 80 faizə qədəri İsrailin “Rafael” şirkətinin istehsalı olan “Samson” döyüş modulunun müxtəlif modifikasiyalarıdır. 12,7 mm NSVT, 14,5 mm çaplı KPVT pulemyotları və “Spike” tank əleyhinə idarə olunan raketlərlə silahlandırılan “Samson”ların ilk partiyası 2010-2015-ci illərdə Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Marauder” və “Matador” minaya qarşı qorumalı nəqliyyat vasitələrinin silahlanmasına daxil edilib. Sonrakı illərdə İsrailin “Plasan” şirkətindən alınmış “Sand Cat” zirehli maşınlarının da bir qismi “Samson”un müxtəlif modifikasiyaları ilə silahlandırılıb.

Azərbaycan ən son olaraq 2018-2019-cu illərdə “Rafael” şirkətindən “Samson”un 12,7 mm çaplı NSVT pulemyotu və iki ədəd “Spike” TƏİR ilə silahlandırılmış “Samson MLS” variantını və bir ədəd 12,7 mm NSVT və bir ədəd 7,62 mm PKT pulemyotu ilə silahlandırılmış “Samson Dual” variantlarını əldə edib.

“Rafael” şirkətinin mütəxəssislərinin sözlərinə görə, “Samson MLS” silah stansiyası 12,7 mm çaplı NSVT və ya 14,5 mm çaplı KPVT pulemyotları ilə silahlana bilər.

Qazaxıstan isə 2015-2020-ci illərdə “Arlan” zirehli maşınlarının silahlandırılması məqsədi ilə Türkiyədən açıqlanmayan sayda 12,7 mm çaplı NSVT pulemyotu ilə silahlandırılmış “Sarp” döyüş modulu satın almışdır.

Hazırda Qazaxıstan və Gürcüstan hərbi texnikaların silahlandırılmasında yerli istehsal olan döyüş modullarından istifadə edir.

Qeyd edilən dövrdə hər üç ölkədə İsrail, Rusiya, Belarus, Türkiyə və Serbiyanın istehsalı olan müxtəlif döyüş modullarının sınaqları keçirilib.

Gürcüstan

2012-ci ildən etibarən Gürcüstanın “STC Delta” Mərkəzi tərəfindən döyüş modullarının layihələndirilməsi və istehsalı istiqamətində işlər həyata keçirilir. “STC Delta”nın DRWS-1 və DRWS-2 indeksi verilmiş döyüş modulları yerli istehsal olan “Lazika” piyada döyüş maşınlarının, “Didqori” zirehli avtomobillərinin, habelə təkmilləşdirilmiş BTR-70 və BRDM-2 zirehli transportyorların silahlanmasına daxil edilib.

DRWS-1 döyüş modulu 12,7 mm-lik NSVT və 7,62 mm-lik PKT pulemyotu ilə silahlandırılıb. “STC Delta” mütəxəssislərinin sözlərinə görə, proqram təminatını dəyişmək və korpusun üzərində kiçik dəyişiklik aparmaqla, modula qərb istehsalı olan silahları və seçilən optik nişangah komplekslərini daxil etmək olar.

Üfiqi dönmə bucağı 360°, şaquli dönmə bucağı -10, +65° təşkil edən DRWS-1 döyüş modulu 36 qat böyütmə qabiliyətinə malik gündüz/gecə kamerası ilə təchiz olunub.

“STC Delta”nın 23 mm-lik 2A14 topu və 7,62 mm-lik PKT pulemyotu ilə silahlandırılmış DRWS-2 döyüş modulu hədəflərə üfiqi müstəvidə 360°, şaquli müstəvidə -10° , +40° bucaq altında atəş açmağa imkan verir. DRWS-2 döyüş moduluna gündüz/gecə kamerası (Cənubi Koreya istehsalı olan ticari EB-363P kamera) və Çin istehsalı olan 2 və 4 qat böyütmə qabiliyyətinə sahib GuidiR IR 22107 termal kamera daxildir. Modulun döyüş ehtiyatı 23 mm-lik top üçün 80 mərmi, PKT pulemyotu üçün 500 patrondur.

DRWS-2 döyüş modulu tələbdən asılı olaraq tank əleyhinə idarə olunan raket, daşınan zenit-raketi və qumbaraatanla da silahlandırıla bilir.

DRWS-2 döyüş modulu “STC Delta”nın istehsalı olan “Lazika” piyada döyüş maşınlarının (8 maşın) silahlanmasına daxil edilib. Açıq qaynaqların məlumatlarına görə, 2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərinə (11 milyon dollar dəyərində) ixrac olunub.

“STC Delta”nın stasionar məntəqələrin və maşınların silahlandırılması üçün nəzərdə tutulan UMD-1 döyüş modulu 4 ədəd 7,62 mm-lik PKT pulemyotu, yaxud 2 ədəd 12,7 mm-lik NSVT və 2 ədəd PKT pulemyotu ilə silahlandırılır. Dəqiqədə 700-800 atəş açan döyüş modulunun ehtiyatı hər bir PKT pulemyotu üçün 250 patrondur. UMD-1 modulunun şaquli müstəvidə atış bucağı -10°,+85° təşkil edir.

UMD-2 universal döyüş moduluna isə 1 ədəd NSVT pulemyotu və 6 lüləli 107 mm-lik raket bloku daxildir. Pulemyotun döyüş ehtiyatı 80 patrondur.

Baş ofisi Batumi şəhərində yerləşən “Georgian Technology Ltd” şirkəti 2019-cu ildə “Regnant” adlı döyüş modulunu Gürcüstan bazarına təqdim etdiyini  açıqlayıb. Şirkətin kataloqunda adıçəkilən döyüş modulunun 12,7 mm çaplı pulemyot və TƏİR, 5,56, 7,62 və ya 12,7 mm çaplı pulemyot, 20 və 30 mm toplarla silahlandırılan 4 fərqli variantı barədə qısa məlumat əksini tapıb. Şirkətin rəsmi məlumatında döyüş modullarının məsafədən idarə etmə, avtomatik hədəf aşkarlama və izləmə texnologiyasına sahib olduğu bildirilir.

“Regnant” döyüş modulu Gürcüstan Müdafiə Qüvvələrinin silahlanmasına daxil edilməyib. Şirkət döyüş modulunun sınaqlarının keçirilib-keçirilmədiyi barədə məlumatları qapalı saxlayır.

AZERİ DEFENCE jurnalına danışan mənbənin sözlərinə görə, “Georgian Technology Ltd” şirkəti Türkiyənin bir sıra müdafiə şirkətlərinin partnyorudur. Adıçəkilən şirkət Türkiyənin ASELSAN və “Best Group” şirkətlərinin istehsalı olan döyüş modullarını “Regnant” brendi ilə Gürcüstan bazarına təqdim edir.

Azərbaycan

Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələri tərəfindən 2009-2020-ci illərdə bir neçə döyüş modulu layihələndirilsə də, onlardan yalnız biri – “Cihaz” İstehsalat Birliyinin “Sherg Engineering” şirkəti ilə birlikdə hazırladığı “Şimşək”in bütün sınaqları tamamlanıb.

“Şimşək” qülləsinin silahlanmasına 14,5 mm KPVT pulemyotu və koaksial yerləşdirilmiş 7,62 mm çaplı PKT pulemyotu daxildir. Üfiqi müstəvidə 360° fırlanan qüllə 90° bucaq altında hava hədəflərinə atəş açmağa imkan verir. Qüllənin ballistik mühafizəsi STANAG 4569 standartının 2-ci səviyyəsinə uyğundur. “Şimşək” istənilən hava şəraitində hədəfləri aşkarlamağa və dəqiq atəş açmağa imkan verən optik kamera blokuna sahibdir.

Sistem modulyar konstruksiyaya sahibdir.  Müəssisə rəsmilərinin sözlərinə görə, atış proqramlarını dəyişməklə “Şimşək” qülləsinin üzərində mövcud 14,5 mm KPVT pulemyotunun 12,7 mm çaplı NSVT pulemyotu və 20 mm çaplı topla əvəz etmək mümkündür.

MSN-nin Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən layihələndirilmiş döyüş modulunun birinci prototipi 2017-ci ilin yanvar ayında “Tufan” adlı minaya qarşı qorumalı nəqliyyat vasitəsinin üzərində, daha sonra IDEF-2017, “Eurosatory-2018” və ADEX-2018 sərgilərində nümayiş etdirilib. Sonrakı dövrdə layihə inkişaf etdirilməyib və sərgilərdə nümayiş etdirilən bir prototip səviyyəsində qalıb.

MAKA tərəfindən layihələndirilmiş döyüş modulunun prototip nümunəsi 300 patronluq sursat ehtiyatına malik 12,7×108 mm çaplı NSVT pulemyotu ilə silahlandırılıb. İki müstəvili, elektromexaniki stabilizasiya sisteminə sahib modulun üfiqi dönmə bucağı 360 dərəcə, şaquli dönmə bucağı +60, -10 dərəcə təşkil edir. Döyüş modulu gündüz və gecə kamerası, həmçinin lazer məsafəölçəni özündə birləşdirən optika bloku ilə təchiz olunub. Zavod mütəxəssislərinin sözlərinə görə, bu kameralar gündüz vaxtı 5000 metr, gecə vaxtı 800 metr məsafədə hədəfləri izləməyə, 2000 metr məsafədə hədəflərə atəş açmağa imkan verir.

MSN-in Elmi-Tədqiqat İnstitutu tərəfindən 2014-cü ildə zirehli kəşfiyyat-döyüş maşınlarının silahlandırılması üçün QŞ-23 topu, 7,62 mm PKT pulemyotu, 30 m çaplı avtomatik qumbaraatan və 80 mm idarə olunmayan S-8 raket bloku yerləşdirilmiş universal döyüş modulunun prototipi hazırlanaraq təqdim olunub. Lakin sonrakı illərdə qoşunlardan tələb olmadığından layihə dayandırılıb.

“DN Technologies” şirkəti tərəfindən layihələndirilmiş başqa bir döyüş modulunun baza versiyası 12,7 mm-lik NSVT tipli pulemyotla silahlandırılıb. Sifarişdən asılı olaraq döyüş modulunun əsas silahı (NSVT) 7,62 mm-lik PKT pulemyotu ilə də əvəz edilə bilər. Şirkətin rəhbəri Ceyhun Nabadovun sözlərinə görə, döyüş modulunun optika blokunda gündüz kamerası, termal kamera və lazer məsafə ölçən yer alır. Optika bloku modulyar olduğundan sifarişçinin istəyindən asılı olaraq dəyişdirilə bilir:

“Döyüş modulumuzun üstünlüyü ondan ibarətdir ki, proqram təminatında funksionallıq çox sadədir, idarəetmə paneli daşınan keys formasındadır. Artırılmış simulasiya və analizlər onu göstərir ki, mexaniki həllərimiz, eləcə də konstruksiya hərəkətdə və atəş anında çox dayanqlıdır. Ümumuyyətlə bu döyüş modulunda bir sıra yeni mexaniki həllər tətbiq etmişik. Döyüş modulunun şaquli müstəvidə sürətli hərəkəti zamanı lülədə mövcud olan lift aradan qaldırılıb. Üzərində quraşdırılacaq sovet silahının geri təpmə qüvvəsini bilirik. Geri təpmə qüvvəsini bilərək xüsusi yay-amoartizator sistemi düzəltmişik. Qüvvənin 85-90 faizi yuxarda udulur, gövdəyə ötürülmür. Bu imkan verir ki, yuxarıda silah çox rahat formada işləsin. Bu da xüsusi həlldir. Həm mexaniki, həm də proqram təminatlı həllərimizi döyüş modulunda tədbiq etmişik. Bunun nəticəsində silahın maksimum atış məsafəsində dəqiqliyi təmin edilir”.

“DN Technologies”ın hazırladığı döyüş modulunun atəş idarəetmə proqramının Azərbaycan Ordusu və digər hərbi qurumların istifadəsində yer alan döyüş modulları ilə də inteqrasiya oluna biləcəyini deyən Ceyhun Nabadovun sözlərinə görə, respublikada buna böyük tələb var. Bu, ilk növbədə ordunun xaricdən aldığı döyüş modullarının proqram təminatının dəstəklənməsi üçün çəkdiyi xərclərin dəfələrlə azalmasına gətirib çıxara bilər: “Daxili bazarı araşdıranda görürük ki, istismar müddətini bitirən döyüş modullarının əksəriyyətinin proqram təminatınının yenilənməsinə ehtiyac var. Daxili bazarda istismar müddətini bitirən məmulatlarda bu tərz problemlərlərlə rastlaşırıq. Biz hazırladığımız döyüş modulunun atış-idarəetmə proqramını, ordu və güc strukturlarımızın silahlanmasında olan, proqram təminatında nasazlıq yaranmış istənilən döyüş moduluna yaza və onları yeniləyə bilirik”.

Qazaxıstan

Qazaxıstan Müdafiə Nazirliyinin 2015-ci ilin avqust ayında “Kazakhstan Engineering” şirkəti ilə imzaladığı müqaviləyə əsasən yerli hərbi sənayenin imkanlarından istifadə edilməklə “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkətində SARP uzaqdan idarə olunan silah sisteminin birgə istehsalı həyata keçirilir.

2016-cı ilin noyabr ayında Qazaxıstan Ordusu Türkiyənin ASELSAN şirkətindən “Sarp” (Qazaxıstan Ordusunda “Sunkar” adlanır) döyüş modullarının alınmasına dair 3 milyon 570 milyon dollar dəyərində birinci müqaviləni imzalayıb. Tədarükü 2017-ci ildə gerçəkləşdirilmiş döyüş modulları yerli istehsal olan “Arlan” minaya qarşı qorumalı nəqliyyat vasitələrinin silahlanmasına daxil edilib.

Cari ilin aprel ayında Qazaxıstan Müdafiə Nazirliyi “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkəti ilə “Sarp Dual” döyüş modullarının tədarükünə dair ikinci müqaviləni bağladığını elan edib.

“Sarp Dual” döyüş modulu 2017-ci ilin əvvəlində ASELSAN tərəfindən tamamilə yerli imkanlar hesabına tank, zirehli döyüş maşını və digər yerüstü platformalarda, sabit qurğularda hava və quru hədəflərinə, xüsusilə asimmetrik təhdidlərə qarşı qorumanı təmin etmək məqsədiylə hazırlanıb. Qazaxıstan Ordusu üçün istehsal edilən “Sarp Dual” döyüş modulunda əsas silah 12,7×108 mm NSVT, ikinci silah isə 7,62×54 mm PKT pulemyotu təyin edilib. Açıqlanmayan az sayda isə ikinci silah olaraq 30 mm çaplı avtomatik qumbaraatanın olacağı söylənilir.  “Sarp Dual” döyüş modulunun ballistik müdafiəsi STANAG 4569 Level 4 səviyyəsinə cavab verir. Sistem böyük miqdarda sursat saxlama xüsusiyyətinə malikdir (400 ədəd 12,7 mm, 1000 ədəd 7,62 mm).

Növbəti illərdə “Semey Engineering” şirkəti tərəfindən modernizə ediləcək T-72 tanklarının da “Sarp” döyüş modulu ilə silahlandırılması gözlənilir.

2018-ci ildə 8×8 “Barıs” piyada döyüş maşınlarında sınaqları tamamlanmış “Nəfər” döyüş moduluna 30 mm çaplı 2A42 topu və 7,62 mm PKT pulemyotu daxil edilib. Qazaxıstanın sərt iqlim şəraitində yay və qış sınaqlarından uğurla keçən döyüş modulunun 2020-ci ildən “Barıs” piyada döyüş maşınlarının üzərində Qazaxıstan Ordusunun silahlanmasına qəbulu planlaşdırılır.

KAE şirkəti tərəfindən hazırlanmış “İqla-1” zenit raketlərinin atıcı qurğusunun sınaqları 2017-ci ilin ortalarında tamamlanıb. Hərəkət halında olan qoşun hissələrinin, hərbi bazaların və digər obyektlərin hava hücumundan müdafiəsi üçün nəzərdə tutulan zenit-raket kompleksi MT-LB tipli zirehli maşının şassisində yerləşdirilib.

Modulyar dizayna malik sistem gecə və pis hava şəraitlərində hədəflərin aşkarlanması, izlənilməsi və analizinə imkan verən kompüterləşdirilmiş atış-nəzarət funksiyasına sahibdir. Kompleksin üzərində atışa hazır 4 ədəd “İqla” raketi yerləşdirilib. Hazırda adıçəkilən sistemin Qazaxıstan Ordusundan əlavə region ölkələrinə ixracı istiqamətində aktiv işlər aparılır.

Qərbi Qazaxıstan Maşınqayırma Konserninin (ZKMK) İtaliyanin “Elsel” şirkəti ilə birlikdə ilk nümunələrini KADEX-2018 sərgisində təqdim etdiyi döyüş modulu iki ədəd 12,7 mm NSVT pulemyotu ilə silahlandırılıb. 2019-cu ildə qoşun sınaqlarına başlanmış döyüş modulunun hər iki silahı bir atış kompüteri üzərindən idarə olunur. Pulemyotun hər birinin döyüş ehtiyatı 100 patron göstərilsə də istehsalçı müəssisə sursatın həcminin artırılmasının mümkün olduğunu deyir. Döyüş modulu özündə bir ədəd TV, 2 ədəd termal kamera və lazer məsafəölçəni birləşdirən elektro-optik komplekslə təchiz edilib. Silahlar həm birlikdə eyni hədəfə, həm də şaquli bucaq altında ayrı-ayrı hədəflərə yönləndirilə bilir.

 

KADEX-2018 sərgisində ZKMK, “Kazakhstan Paramount Engineering” (KPE) və Rusiyanın “Burevestnik” Mərkəzi Elmi Tədqiqat İnstitutu arasında imalanmış üçtərəfli memoranduma əsasən ZKMK tərəfindən 30 mm çaplı topla silahlandırılmış döyüş modulunun (BTR-82A zirehli transportyorlarında mövcud olan) istehsalı və KPE tərəfindən ixrac ediləcək 6×6 “Barıs” döyüş maşınlarının bu qüllə ilə silahlandırılması nəzərdə tutulur.

Qazaxıstanın “Weapon System Engineering” şirkəti tərəfindən dizayn edilmiş, hazırda qış sınaqları davam edən “Ansar” adlı digər döyüş modulunun əsas silahı 30 mm 2A72 avtomat top və 7,62 mm çaplı PKT pulemyotudur. Döyüş modulu hədəf axtarış radarı, TV kamera, termal kamera və lazer məsafəölçəni birləşdirən optik modul qurğusu, 3D6 tüstü qumbaraları, 2 ədəd tank əleyhinə idarə olunan raket və ya “Şmel” odaatanı ilə silahlandırılacaq. Üfiqi müstəvidə 360°, şaquli müstəvidə -10°/+75° bucaq altında atəş aça bilən döyüş modulunun damında hədəf axtarış radarı və optik kompleks yerləşdirilib. Döyüş modulunun ümumi hündürlüyü 1477 mm təşkil edir.

“Kazakhstan Paramount Engineering” şirkətinin açıqlamasına görə, yaxın 2 il ərzində ən azı 10 ədəd

“Barys 8×8” döyüş maşınının “Nəfər” və ya “Ansar” döyüş modulları ilə qoşunlara verilməsi nəzərdə tutulur.

Perspektivlər

Dəyişən və ortaya çıxan yeni təhdidlər döyüş modullarının da təkmilləşdirilməsi, yeni funksiyaların əlavə edilməsi ehtiyaclarını meydana çıxarır. Bu tələbləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Bir modul üzərində iki fərqli çaplı silahın yerləşdirilməsi;
  • Dəyişdirilə bilən, daha güclü elektro-optik blokların tətbiqi;
  • Maşının salonundan sursatın yüklənə bilməsi;
  • Maşının daxilindən və xaricindən idarə edilə biməsi;
  • Tank və zirehli texnikalarla mübarizə imkanları;
  • Atəş yeri aşkarlama sensorları ilə inteqrasiyası;
  • Dronlarla mübarizə imkanlarının qazandırılması.

Mövcud sifarişlər və perspektiv layihələr üzrə Azərbaycan və Qazaxıstanın yaxın 10 il üçün döyüş moduluna olan daxili ehtiyacı 500-dən çox proqnozlaşdırılır.

Böyük həcmli ehtiyacların yerli istehsal hesabına qarşılanması hər iki ölkədə xərclər baxımdan səmərəli və satış sonrası texniki xidmətlərin göstərilməsi baxımdan effektiv hesab olunur.

Azərbaycan timsalında xaricdən satın alınan sistemlərin bir müddət sonra servis təminatında yaşanan problemlər, xərclərin baha başa gəlməsi yerli istehsala marağı artıran əsas faktorlardandır.  AD

Zaur Babaşov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş