Döyüşlərdə sınaqdan çıxmış zirehli maşınlarımız – MARAUDER və MATADOR

Döyüşlərdə sınaqdan çıxmış zirehli maşınlarımız – MARAUDER və MATADOR

Müharibələr fəlakətlərə və dağıntılara səbəb olmaqla yanaşı həm də hərbi sənayenin məhsullarının sınaq meydanı rolunu oynayır. İstehsal edilmiş silah və texnikaların gələcək taleyi də məhz müharibədə müəyyən edilir.

“Azeri Defence”nin məlumatına görə, sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş Vətən Müharibəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal edilmiş çox sayda silah və hərbi texnika nümunələri istifadə olunaraq, bilavasitə döyüş şəraitində praktiki sınaqdan keçib. O məhsulların sırasında Elektron-Hesablayıcı Maşınlar zavodunun CAR-ın “Paramount Group” şirkəti ilə birgə istehsal etdiyi “Marauder” və “Matador” minaya qarşı qorumalı nəqliyyat vasitələri də var.

“Marauder” və “Matador” minaya qarşı qorumalı nəqliyyat vasitələrinin ilk nümunəsi 2009-cu ildə sınaqların keçirilməsi üçün Azərbaycana gətirilib. Daha sonra MSN ilə “Paramount Group” şirkəti arasında bu maşınların Bakıda yığılmasına dair müqavilə imzalanıb. Azərbaycan hərbçilərinin təklif və tövsiyyələri nəzərə alınaraq, üzərində təkmilləşdirmələr aparılmaqla 2011-ci ildə maşınların seriyalı istehsalına başlanıb.

Azərbaycan və Ermənistan arasında 2016-cı ilin aprel ayında baş verən 5 günlük müharibədə, 2017-ci ildə Giləzidə sursat anbarında baş verən partlayışda, eləcə də 2020-ci ilin sentyabr ayının 27-dən başlanmış hərbi əməliyyatlar zamanı istifadə olunan “Marauder” və “Matador” minaya qarşı qorumalı nəqliyyat vasitələri yüksək performans nümayiş etdirib.

Hərbi əməliyyatların gedişatında sosial şəbəkələrdə yayımlanan videoda Laçın rayonunun Güləbürd kəndi istiqamətində bir ədəd “Marauder”in tank əleyhinə minaya düşdüyü, maşının təkərlərinin altında iki ədəd minanın partlamasına baxmayaraq, heyətin xəsarət almadan xilas olduğu bildirilir. Görüntülərdən məlum olduğu qədər partlayış zamanı maşının yalnız təkərləri və asqı sistemi sıradan çıxıb. Korpus, mühərrik bölməsi və digər hissələr zərər görməyib.

Cəbhə bölgəsindən çəkilən bu və digər görüntülər “Marauder” və “Matador”un döyüş əməliyyatları zonasında şəxsi heyəti mina partlayışları və düşmənin atıcı silahlarından açılan atəşlə yanaşı, partlayan top və minaatan mərmilərinin qəlpələrindən də yüksək səviyyədə qoruduğunu sübut edir.

Digər ərazilərdə döyüş zonasında baş verən hadisələrdə hər iki nəqliyyat vasitəsi heyəti və desantı mina partlayışları zamanı xəsarət almaqdan xilas etmişdir. Döyüşlər zamanı “Marauder”in motorxanasına düşən 82 mm minaatan mərmisi nəqliyyat vasitəsini sıradan çıxarsa da sürücü və komandir yüngül xəsarətlə, desant bölməsindəi heyət isə zərər görmədən xilas olub.

Mina partlayışlarında maşının təkər və hərəkət hissəsi zərər görüb. Hansı ki, bu hissələrin zavod şəraitində təmiri mümkündür. Digər maşınlardan fərqli olaraq kabinə və desant bölməsində yanğın müşaiyət olunmayıb.

Hər iki zirehli nəqliyyat vasitəsinin performansı Azərbaycan hərbçiləri tərəfindən yüksək qiymətləndirilir. Mütəxəssislərin fikrincə, döyüşlərdə istifadə zamanı əldə olunmuş müsbət nəticələr, digər zirehli nəqliyyat vasitələri ilə müqayisədə üstün xarakteriskaları gələcəkdə hər iki maşının seriyalı istehsalının təkmilləşdirmələr aparılmaqla davam etdirilməsinə imkan verəcək.

“Marauder” və “Matador” Azərbaycan hərbi sənaye kompleksinin beynəlxalq səviyyədə tanınmış istehsalçı şirkətlə həyata keçirdiyi ilk layihələrdəndir.

“Marauder” və “Matador”da eynu komponentlərdən istifadə hər iki maşının təmir və servisi üçün çəkilən xərcləri optimallaşdırmağa, eyni material ehtiyatlarından istifadə etməklə texniki qulluğu təşkil etməyə imkan verir. Zirehli nəqliyyat vasitələri istismarı, texniki xidməti və təmiri asanlaşdırmaq məqsədi ilə müxtəlif konstruksiyası olan modul bloklardan layihələndirilib. Bu da maşınların səhra şəraitində tez təmir edilməsinə və detalların dəyişdirilməsinə imkan yaradır.

Sərt gövdəyə, yüksək mühafizəyə və çevikliyə sahib “Marauder” zirehli nəqliyyat vasitəsi 2500 kiloqramadək faydalı yükün və heyətin daşınması üçün dizayn edilib. Heyətin nəqli ilə yanaşı maşının müxtəlif növ döyüş modulları ilə silahlandırılması mümkündür.

Heyəti 2 nəfərdən (sürücü və komandir) ibarət olan “Marauder”in desant bölməsində tam təchiz edilmiş 8 əsgər yerləşir.

Maşının ballistik mühafizəsi NATO STANAG 4569 standartının 3-cü səviyyəsinə, mühərrik bölməsinin mühafizəsi STANAG 4569 standartının 1-ci səviyyəsinə, maşının mina və ƏPQ partlayışına qarşı mühafizəsi isə STANAG 4569 3a və 3b səviyyəsinə cavab verir. Korpusun ikiqat zirehi heyəti kinetik hücumlardan qoruyur. Mühafizəni əlavə zireh lövhələri hesabına daha da gücləndirmək imkanları vardır.

Keçirilən sınaqlarda və praktiki döyüşlər zamanı “Marauder”in gövdə altında 8 kq TNT qədər, təkərin altında 14 kq TNT qədər mina partlayışından, yol kənarında yerləşdirilmiş 50 kq TNT ekvivalentində ƏPQ partlayışlarına dözümlülüyü sübuta yetirilib.

Boş halda çəkisi 13500 kq təşkil edən “Marauder”in monokok korpusu V formasında dizayn olunub.

4×4 təkər formuluna malik “Matador” zirehli nəqliyyat vasitəsi şəxsi heyətin daşınması, rabitə, komanda, ambulans daxil olmaqla müxtəlif növ döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. Silah modullarının dəyişdirilə bilməsi “Matador”un istifadə spektrini daha da artırır. Maşında 14.5 mm KPVT və ya 12.7 mm NSVT pulemyotu ilə silahlandırılmış döyüş modulundan əlavə, desant bölməsində şəxsi heyətin atıcı silahlardan atəş açması üçün 9 mazğal mövcuddur.

Maksimal sürəti 120 km/saat, dönmə radiusu 18 metr, gediş ehtiyatı isə 700 kilometr təşkil edən “Matador” 1 metr dərinliyində su maneələrini, 850 mm enində xəndəkləri, 500 mm hündürlükdə dik maneələri dəf edir.

Maşının boş çəkisi 13400 kq, faydalı yükgötürmə qabiliyyəti 2600 kiloqramdır. Heyəti 2 nəfərdən ibarət olan “Matador”un desant bölməsində tam təchiz edilmiş 12 əsgər yerləşir.

Zirehli maşının ballistik mühafizəsi NATO-nun STANAG 4569 standartının 3-cü səviyyəsinə, mühərrik bölməsinin ballistik mühafizəsi STANAG 4569 standartının 1-ci səviyyəsinə, partlayışa qarşı qoruması STANAG 4569 standartının 4a və 4b (korpusun altında 14 kq, təkərin altında 21 kq, yol kənarında 50 kq TNT partlayışına) səviyyəsinə uyğundur. Heyətin etibarlı mühafizəsinin təmin edilməsi üçün müdafiə təkmilləşdirmə paketləri mövcuddur.

Minaların partlayış təsirini azaltmaq üçün avtomobilin korpusu mövcud digər MRAP-larda olduğu kimi – V formasında dizayn edilib. Partlayışa davamlı oturacaqlar şəxsi heyəti mina, fuqas və digər sursatların təsirindən qoruyur. Partlayışdan qorumaq üçün mühərrik, transmisiya, yanacaq çəni biri birindən maksimum məsafədə yerləşdirilib və ayrılıqda zirehləndirilib.

Ehtiyacdan asılı olaraq maşın nüvə, bakteroloji və kimyəvi (NBC) mühafizə sistemləri də təchiz oluna bilər.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş