Dron Müharibəsi: Türkiyənin PUA Sənayesinə Baxış

Dron Müharibəsi: Türkiyənin PUA Sənayesinə Baxış

Fevralın 27-də İdlib şəhəri yaxınlığında Suriya və Rusiya aviasiyası tərəfindən Türkiyə Silahlı Qüvvələrinə (TSQ) edilən hücumun cavabı olaraq başladılan “Bahar Qalxanı” hərbi əməliyyatında diqqət çəkən nüanslardan biri də TSQ-nin Suriya Ordusuna qarşı yerli istehsal pilotsuz uçuş aparatlarından (PUA) istifadəsi oldu. Əməliyyatın gedişatında Suriya Ordusunun irəliləyən bölmələri ilə yanaşı cəbhənin dərinliklərində yerləşən bazaları və hərbi texnikaları PUA-lar vasitəsi ilə aşkarlanmış, PUA-ların silahlanmasında mövcud olan idarəolunan döyüş sursatları və onların verdiyi koordinatlar əsasında yerüstü artilleriyadan açılan atəşlə məhv edilmişdir. “Bahar Qalxanı” əməliyyatında TSQ-nin PUA-lardan kəşfiyyat, kəşfiyyat və zərbə, ELINT (elektron kəşfiyyat) və SIGINT (siqnal kəşfiyyatı) missiyalarında istifadə etdiyinə dair məlumatlar mövcuddur.

Rəşad Süleymanov

Fevralın 27-də İdlib şəhəri yaxınlığında Suriya və Rusiya aviasiyası tərəfindən Türkiyə Silahlı Qüvvələrinə (TSQ) edilən hücumun cavabı olaraq başladılan “Bahar Qalxanı” hərbi əməliyyatında diqqət çəkən nüanslardan biri də TSQ-nin Suriya Ordusuna qarşı yerli istehsal pilotsuz uçuş aparatlarından (PUA) istifadəsi oldu. Əməliyyatın gedişatında Suriya Ordusunun irəliləyən bölmələri ilə yanaşı cəbhənin dərinliklərində yerləşən bazaları və hərbi texnikaları PUA-lar vasitəsi ilə aşkarlanmış, PUA-ların silahlanmasında mövcud olan idarəolunan döyüş sursatları və onların verdiyi koordinatlar əsasında yerüstü artilleriyadan açılan atəşlə məhv edilmişdir. “Bahar Qalxanı” əməliyyatında TSQ-nin PUA-lardan kəşfiyyat, kəşfiyyat və zərbə, ELINT (elektron kəşfiyyat) və SIGINT (siqnal kəşfiyyatı) missiyalarında istifadə etdiyinə dair məlumatlar mövcuddur.

“Baykar Makina” şirkətinin istehsalı olan “Bayraktar TB2” silahlı PUA

Döyüş əməliyyatlarında TSQ-nin silahlanmadakı yerli istehsal olan “Bayraktar TB2” və peyk üzərindən idarə olunan “Anka-S” taktik PUA-lardan, “Baykar Makina” şirkətinin istehsalı olan mini “Bayraktar”, eləcə də STM şirkətinin istehsalı olan “Alpaqu” və “Karğu” kamikadze PUA-lardan istifadə etdiyi bildirilir. Hərbi əməliyyatların birinci həftəsində Suriya Ordusunun HHM sistemi tərəfindən 1 ədəd “Anka-S”, 2 ədəd “Bayraktar TB2”, Türkiyənin dəstəklədiyi müxalif qüvvələr tərəfindən yanlışlıqla bir ədəd “Anka-S” PUA vurulub.

Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, “Bahar Qalxanı” əməliyyatı çərçivəsində – 28 fevral- 5 mart tarixlərində Suriya Ordusuna məxsus 151 tank, 47 helikopter, 3 təyyarə, 8 helikopter, 3 PUA və 8 hava hücumundan müdafiə sistemi məhv edilib.

Döyüş fəaliyyətləri zamanı PUA-lar vasitəsi ilə məhv edilən Suriya Ordusuna aid hərbi texnikalardan ikisi, bəzi məlumatlara görə dördü Rusiya istehsalı olan 96K6 “Pantsir-S1” özüyeriyən zenit raket-top kompleksidir (ZRTK). Suriyadakı məğlubiyyət mülki və hərbi obyektlərin, o cümlədən uzaq mənzilli HHM vasitələrinin pilotsuz uçan aparatlar da daxil olmaqla bütün müasir və perspektiv hava hücumu vasitələrindən müdafiəsi üçün təyin edilmiş “Pantsir-S1” ZRTK-nin effektivliyini sual altına qoydu.

Mart ayının 2-də Türkiyə mediası rəsmi qurumlara istinadən İdlib yaxınlığında “Karğu” kamikadze dronlarının sürü halında tətbiqinə dair məlumatlar yayımladı. Bu faktı Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir də özünün sosial media hesabında təsdiqləyib. Piyadalar əleyhinə qəlpəli döyüş başlığına sahib “Karğu” multikopterlərinin uçuş müddətinin az, döyüş radiusunun qısa olması onunla maksimum 3 km məsafədən hücum edildiyini düşünməyə əsas verir.

“Bahar Qalxanı”ndan öncə, TSQ-nin ölkənin şərq rayonlarında PKK/PYD terrorçularına, eləcə də Suriyanın şimalında PYD-yə və İŞİD-ə qarşı həyata keçirdiyi “Fərat Qalxanı”, “Zeytun Budağı” əməliyyatlarında da “Anka” və “Bayraktar TB2” PUA-ları kəşfiyyat və zərbə missiyalarında istifadə olunub. Terrorçuların yaşayış məntəqələrindəki atəş nöqtələri PUA-lar vasitəsi aşkarlandıqdan sonra, idarə olunan MAM-L və MAM-C döyüş sursatları ilə vurulmuşdur. Qeyd edək ki, “Bayraktar TB2”nin son aylar Liviya ərazisində istifadəsinə dair məlumatlar mövcuddur. 2018-ci ilin fevral ayının 12-də PYD silahlıları Suriyanın Afrin rayonunun Quda qəsəbəsi yaxınlığında vurulmuş bir, marşal Xəlifə Həftərə bağlı Liviya Milli Cəbhəsi qüvvələri 2019-cu ilin dekabr ayında Tripoli yaxınlığındakı Ayn Zaraha bölgəsində vurulmuş iki ədəd “Bayraktar TB2” PUA-nın görüntülərini yayımlayıblar.

Döyüş əməliyyatlarında praktik olaraq istifadə edilmiş və özünü müsbət mənada sübuta yetirmiş adıçəkilən PUA-lara beynəlxalq bazarda ciddi maraq yaranmışdır.

“Bahar Qalxanı” əməliyyatından yola çıxaraq, məqaləmizdə Türkiyənin PUA sənayesinin imkan və potensialına nəzər salmağa çalışdıq.

Türkiyənin PUA sənayesinin tarixinə nəzər

1989-cu ildə “Türk Uzay Sanayi A.Ş” (TUSAŞ) şirkəti tərəfindən SSM-in dəstəyi ilə Türkiyənin ilk pilotsuz uçuş aparatı X-1 “Şahid”, sonrakı dövrdə “Bayquş”, “Martı” və “Pelikan” adlı PUA nümunələri yaradılsa da seriyalı istehsala verilməmişdir.

Türkiyədə PUA-ların silahlı qüvvələrdə mənimsənilməsi və ölkə daxilində istehsalının yaradılması, milli layihələrin reallaşdırılması 2004-cü ildən aktiv mərhələyə qədəm qoyub. Xarici satınalmalarla  paralel olaraq, dövlət müdafiə sifarişi proqramı çərçivəsində üç yerli şirkət – “Vestel Savunma”, “Baykar Makina” və TUSAŞ tərəfindən milli imkanlar hesabına taktik PUA-ların nümunələrinin yaradılmasına başlanıb.

2005-ci ildə “Bayraktar Mini” kiçik ölçülü PUA-nın istehsalı ilə sektorda addımını atan “Baykar Makina” şirkəti adıçəkilən pilotsuz uçuş aparatını 2012-ci ildə Qətər Ordusu üçün (20 ədəd) ixrac etmişdir. Kəşfiyyat və zərbə missiyaları üçün hazırlanmış “Bayraktar TB2” taktik PUA sistemi 2014-cü ildən Türkiyə Silahlı Qüvvələri, Jandarma və Polis Təşkilatı tərəfindən aktiv istifadə olunur. Havada 24 saat qala bilən PUA-nın uşuş hündürlüyü 7300 metr, sürəti 70 düyün, radiolinklə idarəetmə məsafəsi 150 km təşkil edir. 100 at gücündə mühərriklə təchiz olunmuş, avtomatlaşdırılmış uçuş idarəetmə və 3 ehtiyat avtopilot sisteminə malik “Bayraktar TB2” GPS-ə bağlı olmadan tapşırıqları yerinə yetirməyə imkan verən yer səthini tanıma proqramına sahibdir. Maksimum çəkisi 630 kq təşkil edən pilotsuz uçuş aparatı “Wescam MX-15D” elektro-optik komplekslə təchiz olunub.  Zərbə versiyası ROKETSAN şirkətinin istehsalı olan idarə olunan MAM-L və MAM-C döyüş sursatları ilə silahlandırılır. “Bayraktar TB2” PUA-larında tətbiq edilən Canlı Yayım Transfer Sistemi (BGAM) real vaxt rejimində görüntünün köçürülməsinə, arxivləşdirilməsinə, eyni zamanda canlı yayımları çox sayda istifadəçinin (komanda məntəqəsi, mərkəzi komanda məntəqəsi, əməliyyat bölgəsindəki komandirin tableti üzərindən) izləməsinə imkan verir. Hazırda TSQ, Jandarma və Təhlükəsizlik Təşkilatının istifadəsində ümumilikdə 110-dan çox “Bayraktar TB2” mövcuddur. Qətərə və Ukraynaya (4 ədəd) ixrac olunmuş PUA-nın yerlilik faizi 2020-ci ilin əvvəlində 93% təşkil edib.

“Baykar Makina” şirkəti “Bayraktar TB2” ilə yanaşı VTOL funksiyasına malik “Bayraktar DİHA” layihəsi üzərində işlərin aparıldığını da açıqlayıb. Elektrik mühərriklər və daxiliyanma mühərriki ilə təchiz edilən DİHA dik enmə, gövdə üzərinə enmə və paraşütlə enmə kimi üç fərqli imkana malik olacaq.

TUSAŞ şirkəti tərəfindən istehsal edilən, peyk üzərindən idarəetmə imkanlarına sahib “Anka-S” PUA

TUSAŞ və Müdafiə Sənayesi Katibliyi (indiki Müdafiə Sənayesi Komitəsi) arasında 2004-cü ildə imzalanmış müqavilə çərçivəsində yaradılmış “Anka” taktik PUA 2010-cu ilin dekabr ayında ilk uçuşunu keçirib və 2013-cü ilin fevral ayında “Anka-A” konfiqurasiyası silahlanmaya qəbul olunub. Proqramın ikinci mərhələsində TUSAŞ tərəfindən SAR/ISAR/GMTI radarı inteqrasiya edilmiş “Anka B” variantının ilk uçuşu 2015-ci ilin yanvarında baş tutub. Bununla birlikdə, PUA-nın idarə olunan MAM-L döyüş sursatları ilə silahlandırılması istqamətində işlər davam etdirilib.

İlk partiyası “Wescam CMX-15D” elektro-optik kompleks, həmçinin SAR / MTI/ ISAR faydalı yükləri ilə təchiz olunmuş “Anka”nın monoblok füzelyajı tamamilə kompozit materialdan hazırlanıb. PUA buzlaşmaya qarşı sistemlə təchiz olunub ki, bu da soyuq qış şəraitində və yuxarı hündürlükdə tapşırıqları yerinə yetirməyə imkan verir.

2013-cü ilin oktyabrında SSB ilə TUSAŞ şirkəti arasında peyk üzərindən idarə olunan (SATCOM) 10 ədəd “Anka-S” PUA-nın və 12 ədəd yer stansiyasının alınmasına dair müqavilə imzalanıb. 2018-2020-ci illərdə sifarişçiyə təhvil verilmiş “Anka-S”lər Türkiyənin “Türksat 4B” rabitə peyki üzərindən idarə edilir. 200 kq faydalı yük götürmə qabiliyyətinə malik “Anka-S”in uşuş müddəti 24 saat, uçuş tavanı 9100 metr təşkil edir. “Anka-S” həmçinin ROKETSAN şirkəti tərəfindən istehsal edilən idarə olunan MAM-L və MAM-C döyüş sursatları ilə silahlandırılıb.

ASELSAN şirkəti tərəfindən aviasiya platformaları üçün hazırlanmış CATS faydalı yükü

“Anka-S” PUA-ların ilk partiyası “ViaSat” şirkətinin VR-18C “Highpower” SATCOM antenası və milli uçuşa nəzarət kompüteri ilə təchiz edilsə də 2018-ci ilin sentyabr ayında SSB bir ədəd “Anka-S” PUA-nın ASELSAN-ın CATS (Common Aperture Targeting System) faydalı yükü ilə təchiz edildiyi və sınaqların uğurla tamamlandığını açıqlayıb. IR, HDTV, DI-NIR kameralarına malik CATS 500-dən çox uçuşda, müxtəlif iqlim və hava şəraitində sınaqlardan keçirilib.

SSB-nin məlumatlarına görə, ötən 2 il ərzində “Anka-S”in SATCOM terminalı, kompüteri, mühərrik, IFF sistemi, ötürmələr kanalı, yaddaş cihazı və digər komponentlər milliləşdirilib. 2019-cu ilin sonlarından etibarən pilotsuz uçuş aparatı TUSAŞ Motor Sənayesi (TEI) şirkəti tərəfindən hazırlanan PD-170 mühərriyi ilə təchiz olunur.

SSB ordu ilə yanaşı 2018-ci ilin martında Türkiyənin Milli Kəşfiyyat Xidmətinə (MİT) xüsusi hazırlanmış “Anka-I” konfiqurasiyasının çatdırıldığını açıqlayıb. ELINT və COMINT faydalı yükləri ilə təchiz olunmuş bu model TUSAŞ və ASELSAN-ın əməkdaşlığı çərçivsində yaradılıb. Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, ümumilikdə 7 il ərzində müxtəlif konfiqurasiyalarda 23 ədəd “Akna” PUA ordu və güc strukturları üçün tədarük olunub.

Hazırda Pakistan daxil olmaqla Cənub-Şərqi Asiya regionundan Banqladeş, Malayziya və İndoneziya, Şimali Afrikadan Tunis, Türkdilli ölkələrdən Azərbaycan, Qazaxıstan və Türkmənistanla “Anka-S” PUA-larının alqı-satqısına dair görüşmələr davam edir

“Vestel Savunma” şirkəti tərəfindən yaradılmasına 2007-ci ildə başlanmış “Karayel” taktik PUA-nın 6 ədədlik ilk partiyası 2010-cu ildə imzalanan müqavilə çərçivəsində TSQ-nə (Quru Qoşunlarına) çatdırılıb. “Karayel” NATO-nun STANAG-4671 “Mülki Hava Sahəsində Uçuşa Əlverişlilik” standartına uyğun şəkildə dizayn və istehsal edilmiş ilk və yeganə Türk pilotsuz uçuş aparatıdır. İstehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, “Karayel” yalnız pilotlu aviasiya vasitələrində mövcud olan sistematik hava əmniyyətinə – idarəetmənin sıradan çıxmasına imkan verməyən üçpilləli, dağınıq avionika arxitekturasına sahibdir. PUA həmçinin kompozit füzelyaj üzərində tətbiq edilən alüminium şəbəkə toru vasitəsi ilə ildırıma qarşı qorunma, buzlanma baş verdikdə bunu avtomatik şəkildə aşkarlayıb fəaliyyətə keçən buz əritmə sistemi ilə təchiz olunub.

“VESTEL Savunma” şirkətinin istehsalı olan “Karayel” taktik PUA

TSQ üçün “Bayraktar TB2” və “Anka” PUA-nın tədarükünə qərar veriləndən sonra, “Vestel Savunma” 2016-cı ildə “Karayel”in faydalı yük qabiliyyəti artırılmış və silahlandırılmış “Karayel-SU” konfiqurasiyasını hazırlayaraq xarici bazara təqdim etmişdir. Fərqli faydalı yüklərlə inteqrasiya edilə bilən PUA-nın baza versiyası “Wescam MX-15Di” elektro-optik / infraqırmızı kamera dəsti ilə təchiz olunub. Kompleksə daxil olan gündüz kamerası 50, infraqırmızı kamera isə 30 qat böyütmə qabiliyyətinə malikdir. Bundan başqa, kompleksdə lazer məsafəölçən və lazer hədəf işarələyici yer alır.

“Karayel-SU” qabarit ölçülərinə görə baza versiyasından böyükdür. PUA-nın qanad açıqlığı 10.5 metrdən 13 metrədək, havada qalma müddəti 16 saatdan 20 saatadək artırılıb. Uçuş aparatının hər bir qanadının altında 30 kq yükgötürmə qabiliyyətinə malik iki silah asqısı (cəmi 4 asqı) mövcuddur ki, bu da 120 kq-dək müxtəlif döyüş sursatlarını daşımağa imkan verir. IDEF sərgisində pilotsuz uçuş aparatı ROKETSAN şirkətinin istehsalı olan MAM-L və MAM-C sursatları ilə silahlandırılmış şəkildə nümayiş etdirilib. Bir ədəd 97 at gücündə mühərriklə təchiz olunmuş “Karayel-SU” pilotsuz uçuş aparatının çəkisi 630 kq, füzelyajın uzunluğu 6.5 metr, qanadlarda yükqaldırma qabiliyyəti 120 kq, gövdə altında yükqaldırma qabiliyyəti 50 kq, sürəti 60-80 düyün, əməliyyat yüksəkliyi 6.8 km, radiokanalla idarəetmə radiusu 150 km təşkil edir.

“Karayel-SU”nun hələlik ilk və yeganə istifadəçisi Səudiyyə Ərəbistanıdır. Bir neçə ay əvvəl Yəməndə husi silahlıları tərəfindən vurulan “Karayel-SU” artıq PUA-nın Səudiyyə Ərəbistanı ordusu tərəfindən döyüş əməliyyatlarında praktik istifadəsini təsdiqləyir. Bundan bir müddət sonra, “Dubai Airshow-2019” sərgisində Səudiyyə Ərəbistanının “Advanced Electronics Company” (AEC) şirkəti “Karayel-SU”nu öz stendində sərgiləyib.

Digər şirkətlərin layihələri

Türkiyədə fəaliyyət göstərən digər şirkətlər tərəfindən müxtəlif növ PUA-ların istehsalı həyata keçirilməkdədir ki, onlardan bəziləri hazırda ordunun və təhlükəsizlik qurumlarının silahlanmasında yer alır.

“İvme İnsansız Havacılık Sistemleri A.Ş” şirkəti tərəfindən yaradılmış “Cağatay” hibrid VTOL (şaquli qalxma və enmə funksiyalı) PUA-nın ilk istifadəçisi Təhlükəsizlik Baş İdarəsidir. 4 ədəd elektrik və bir ədəd daxiliyanma mühərrikinə (əsas) sahib, gövdəsi kompozitdən hazırlanmış PUA-nın qanad açıqlığı 4.5 metr, çəkisi 45 kq, faydalı yükü 12 kq, uçuş müddəti 14 saat, uçuş tavanı 5.4 km, uçuş məsafəsi 120 km təşkil edir.

“Cağatay” VTOL tipli PUA

PUA və robot texnologiyaların layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmış “Altınay” şirkətinin 2019-cu ilin sentyabr ayında İstanbulda keçirilən “Teknofest” festivalında sərgilədiyi “Albatros” adlı multirotor PUA yüklərin daşınması üçün nəzərdə tutulub. Modullardan yığılan “Albatros”un 8 mühərrikli əsas modulu 50 kq yük daşımağa imkan verir. Şirkət mütəxəssislərinin sözlərinə görə, hər biri ayrıca batareyaya malik modulları birləşdirməklə 12, 16 və 20 mühərrikli versiyalar yaradıla bilər. Bu zaman PUA-nın yükdaşıma həcmi 150 kiloqramadək artacaq. “Albatros”un bütün konfiqurasiyaları 30 km uşuş məsafəsinə və 60 dəqiqə uçuş müddətinə sahibdir. PUA-nın 5.56 mm çaplı “MicroGun” pulemyotu, avtomat, ROKETSAN şirkəti tərəfindən yaradılmış 25 ədəd 2 kiloqramlıq döyüş sursatı ilə silahlandırıla biləcəyi bildirilir.

Hazırda “Altınay” şirkəti tərəfindən hibrid VTOL pilotsuz uçuş aparatı, dronlarla mübarizə aparmaq üçün itisürətli dronun, silahlı multikopterlərin yaradılması layihələri işlənilir.

“Altınay” şirkətinin yaradılma mərhələsində olan “Albatros” dronu

Digər türk şirkəti “Asisguard” tərəfindən yaradılmış “Sonqar” adlı silahlı multikopterin 8 ədədlik ilk partiyası 2020-i ilin yanvar ayında TSQ-nin silahlanmasına qəbul edilib. 5.56×45 mm çaplı pulemyot və 40 mm çaplı avtomatik qumbaraatanla silahlandırılmış multikopterin uçuş radiusu 10 km təşkil edir. Döyüş ehtiyatı 200 patrondan ibarət olan “Sonqar”ın çəkisi yüklü halda 25 kiloqramdır. Şirkətin tək və ya sürü halında tətbiq üçün hazırladığı “Salqur” adlı mikro dronun isə üz, yazı, maşın və səs tanıma qabiliyyətlərinə sahib olduğu bildirilir.

Kamikadze PUA-lar

Suriyada hərbi əməliyyatlarda istifadə olunan “Karğu” kamikadze dron

Suriyada rejim qüvvələri ilə mübarizədə Türkiyə Silahlı Qüvvələri STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) şirkətinin istehsalı olan “Karğu” və “Alpaqu” kamikadze dronlarından tək və sürü şəklində istifadə etmişdir. Avtonom iş prinsipinə malik hər iki dron gündüz və gecə vaxtı, tək, yaxud qrup halında kəşfiyyat və hücum əməliyyatlarının keçirilməsi üçün nəzərdə tutulub. Bir əsgər tərəfindən daşına və idarə oluna bilən “kamikadze dron”  hədəfin təyin olunması, hücumun edilməsi, tapşırığın icra prosesində hədəfin dəyişdirilməsi və yaxud hücumdan imtina edilməsi kimi funksiyalara malikdir. STM şirkətinin mütəxəssislərinin sözlərinə görə, “Karğu”nun yenilənmiş “Karğu-2” versiyasında təyin edilmiş məsafədə partlatma, habelə sürü halında hücum, üz tanıma kimi alqoritmlər tətbiq edilib.

Uçuş müddəti 30 dəqiqə, uçuş məsafəsi 5 km təşkil edən PUA maksimum 2800 metr yüksəkliyə qalxa, 0,3-1,0 kq ağırlıqda faydalı yük, o cümlədən partlayıcı maddəli döyüş başlığı daşıya və hədəfə 45 dərəcə bucaq altında hücum edə bilir. Bundan əvvəl “Karğu”nun Xüsusi Təyinatlı Qüvvələri tərəfindən ölkə daxilində və Suriya ərazisində PKK/PYD terrorçularına qarşı istifadə olunmasına dair məlumatlar mövcuddur. Şirkət rəsmilərinin sözlərinə görə, sürü halında 20-dən çox dronun eyni vaxtda tətbiqi mümkündür.

STM şirkətinin “Alpaqu” “gəzən sursat”ının çəkisi 3700 qram (“Alqapu-2”nin 5000 qram), uçuş məsafəsi 5000 metr, uçuş müddəti 10 (“Alpaqu-2”də 20 dəqiq), uçuş hündürlüyü 400 metr, sürəti 50 düyündür. “Alpaqu” 400 qram, “Alpaqu-2” versiyası isə 1300 qram döyüş başlığı ilə təchiz olunub. Birdəfəlik istifadə üçün nəzərdə tutulan “Alpaqu” hazır konteynerdə təklif olunur. “Alpaqu” və “Karğu”nun idarəetməsini eyni pult üzərindən həyata keçirmək mümkündür. STM şirkəti hazırda nəqliyyat vasitələri və sürətli katerlərdən çox sayda “Alpaqu”nun atışı üçün xüsusi buraxıcı sistemin yaradılması üzərində işləyir.

STM-in “gəzən sursat”larla birlikdə və ayrılıqda istifadə üçün hazırladığı, süni zəkaya və avtonom iş prinsipinə sahib “Toqan” adlı multikopter tipli PUA real vaxt rejimində görüntü emalı və analiz alqoritmlərinə sahibdir. Proqram təminatı əməliyyatda iştirak edən bir “Toqan”ın digəri (eləcə də şirkətin kamikadze PUA-ları ) ilə birgə çalışmasına, vəzifələrin mübadiləsinə, obyektləri izlənməsi və ayırd edilməsinə imkan verir.

Silahlanma

Türkiyə Silahlı Qüvvələrinin zərbə PUA-ları ROKETSAN şirkətinin istehsalı olan MAM-L və MAM-C mini “ağıllı” döyüş sursatlarla silahlandırılıb. 2016-cı ildə silahlanmaya daxil edilmiş MAM-L döyüş sursatı son illər TSQ tərəfindən həyata keçirilən hərbi əməliyyatlarda yüksək performansını sübuta yetirib.

Türkiyənin istifadə etdiyi zərbə PUA-ları ROKETSAN şirkətinin istehsalı oln MAM-L və MAM-C idarə olunan raketlərlə silahlandırılır

Çapı 160 mm, çəkisi 22 kq təşkil edən MAM-L-in atış uzaqlığı 8 km təşkil edir. Bu məsafə inersial naviqasiya və GPS ilə 14 kiometrədək uzadıla bilər. Yarı aktiv lazer arayıcı başlığa sahib MAM-L-in qəlpəli-fuqas, reaktiv zirehlərə qarşı tandem kumulyativ və termobarik döyüş başlıqlı versiyaları vardır.

Canlı qüvvə, zirehsiz və yüngül zirehli nəqliyyat vasitələri, radar antenaları, atəş mövqeləri kimi qorunmayan hədəflərə qarşı nəzərdə tutulan MAM-C sursatları PUA-larla yanaşı yüngül hücum təyyarələri üçün də xərc baxımından effektiv həll hesab olunur. Çapı 70 mm, uzunluğu 970 mm, ağırlığı 6.5 kq təşkil edən MAM-C-nin effektiv atış məsafəsi atış yüksəkliyindən asılı olaraq 8 kilometrədəkdir. Yarı aktiv lazer arayıcı başlığa malik MAM-C sursatı çox məqsədli (qəlpəli, kumulyativ və termobarik) və qəlpəli-fuqas döyüş başlıqları ilə istehsal olunur.

ROKETSAN şirkəti tərəfindən 2019-cu ilin may ayında IDEF-2019 sərgisində təqdim edilmiş 40 mm çaplı “Yatağan” idarə olunan minatür döyüş sursatının da yaxın perspektivdə PUA-ların silahlanmasına daxil ediləcəyi gözlənilir. “Yatağan”ın uzunluğu təxminən 40 sm, ağırlığı 1 kq, maksimum atış məsafəsi 1000 metrdir. Lazer arayıcı başlığa malik raketin maksimum məsafədə hədəfdən sapması 1 metr təyin edilib. ROKETSAN mütəxəssislərinin sözlərinə görə, “Yatağan” NATO kodlu və NATO kodu olmayan lazer işarələyicilərlə birlikdə istifadə oluna bilər. “Yatağan” döyüş sursatı orta və kiçik ölçülü, az yük götürə bilən sabit qanad və multikopter tipli PUA-ların da silahlandırılmasına imkan verəcək.

TÜBİTAK SAGE İnstitutu tərəfindən PUA-ların silahlandırılması üçün hazırlanmış kiçik ölçülü “Toqan” adlı qəlpəli döyüş sursatı cari ilin fevral ayında “Asisguard” şirkətinin istehsalı olan “Sonqar” multikopterinin silahlanmasına daxil edilib. “Toqan” 81 mm çaplı minaatan mərmiləri ilə eyni çəki və dizayna, 35 metr məhvetmə radiusuna malikdir. PUA-ların atış-nəzarət sisteminə inteqrasiya edilmiş döyüş sursatının hesablayıcısı 100 Hz sürətlə ölçmələri apararaq, sursatın atılacağı koordinatları dəqiqliklə hesablayır. “Toqan” kontaktlı və vaxt təyin edilmiş partladıcıyla təqdim olunur.

Milliləşmə çalışmaları

Keçmiş Müdafiə Sənayesi Katibliyi (indiki Müdafiə Sənayesi Komitəsi) tərəfindən 2012-ci ildə hazırlanmış “Türkiyənin PUA istehsalına dair yol xəritəsi”ndə TSQ və təhlükəsizlik qüvvələri, o cümlədən mülki qurumların ehtiyaclarını qarşılanması üçün müxtəlif növ PUA-ların yaradılması, PUA sənayesinin inkişafı, mühüm komponentlərin yerli istehsalının dəstəklənməsi kimi çoxsaylı tədbirlər yer alıb.

Türkiyədə PUA-ların və pilotsuz aviasiya üçün tələb olunan sistemlərin istehsalı ilə 20-dək şirkət məşğuldur. Xaricdən asılılığı minimuma endirmək və istehsal edilən məhsulların maneəsiz ixracına nail olmaq məqsədi ilə Türkiyə şirkətləri tərəfindən PUA-ların mühərriklər daxil olmaqla, mühüm komponentlərinin yerliləşdirilməsi istiqamətində işlər davam etdirilir. Müdafiə Sənayesi Komitəsi rəsmilərinin sözlərinə görə, taktik PUA-ların elektro-optik faydalı yüklərinin, SATCOM terminalının, SAR/GMTI radarının, bort kompüterlərinin, mühərriklərin, IFF sisteminin, radiokanal, naviqasiya və digər alt komponentlərin, həmçinin aerodrom avadanlıqlarının yerli istehsalı təmin olunub.

“METEKSAN Savunma” şirkəti tərəfindən PUA-ların bir çox mühüm komponentlərinin milliləşdirilməsi həyata keçirilib

“Meteksan Savunma” şirkəti embarqoya məruz qalan bəzi mühüm komponentlərin yerli istehsalı təmin etməklə, bu sahədə Türkiyə müdafiə sənayesinin ixracat potensialının formalaşmasına əhəmiyyətli təsir göstərib. Son illərdə “Meteksan Savunma” tərəfindən PUA istehsalçıları üçün yerli və milli olaraq yaradılmış sistemlər aşağıdakılardır:

  • PUA-ların elektro-optik cihazlarının effektiv olmadığı hava şəraitində yüksək keyfiyyətli görüntü əldə etməyə imkan verən MILSAR adlı SAR/GMTI radarı;
  • Yüksək məlumat ötürmə sürətinə sahib, etibarlı rabitə yaratmağa imkan verən C-Bant radiokanalı;
  • PUA-ların etibarlı qalxması və enməsini təmin edən OKİS sistemi;
  • GPS-ə yönələn qarışdırma siqnallarının təmizlənməsi və yatırılmasını təmin edən Anti-Jamming GNSS;
  • Dəqiq yüksəklik məlumatları təmin edən CRA-201 və CRA-501 radar altimetr;
  • Çətin şəraitlərdə telemetriya məlumatlarının ötürülməsini təmin edən TMV telemetriya ötürücüsü;
  • Yüksək təhlükəsizliyə sahib Uçuş Nəzarət Kompüteri.

Yuxarıda qeyd edilən sistemlərin bəziləri hazırda TSQ-nin silahlanmasındakı PUA-larda mövcuddur.

OKİS sistemi

“Meteksan Savunma” şirkətinin baş direktoru Səlcuq Alparslanın sözlərinə görə, təklif olunan əməliyyat, rabitə, uçuş və dəstək sistemləri fərqli layihələrdə qazanılmış təcrübələrə əsaslanır. Bu sahədə şirkət iki önəmli avantajı ilə önə çıxır: “Bunlardan birincisi həcm, ağrlıq və güc istehlakı (SWAP) mövzusunda yüksək performanslı və aşağı büdcəli sistemləri dizayn etmə qabiliyyətidir. PUA-lara inteqrasiya edilən sistemlərin çox məhdud həcmə sığışdırılması, çox yüngül olması və güc istehlakının çox az olması lazımdır. “Meteksan Savunma” SWAP sistemlərin yaradılması sahəsində ciddi təcrübəyə sahibdir. Fərqli platformalara inteqrasiya çalışmalarını uğurla yerinə yetirmişik. Sistemlərimizin SWAP özəlliyi PUA-lara daha çox faydalı yük daşıma və daha uzun mənzil qazandırır.

İkinci mühüm məsələ isə radioelektron mübarizəyə qarşı dayanıqlıqdır. Günümüzdə yaşanan qarşıdurmalarda GPS siqnallarının qarışdırılması kimi radioelektron təsirlərlə tez-tez rastlaşırıq. Silah platformalarının və komponentlərin ən çətin müharibə və gərgin radioelektron hücumlarda istifadə oluna biləcək şəkildə dizayn edilməsi lazımdır. Şirkətimiz qurulandan bu günədək bənzər layihələrdə çalışdığı üçün yaradılmada bu məsələlər diqqətə alındı. Sözügedən sistemləri hazırlayarkən təcrübə və məlumat sahibi olduq. İndi bu təcrübəni insansız vasitələr üçün yaratdığımız rabitə, əməliyyat, uçuş və dəstək sistemlərində də tətbiq edirik”.

“METEKSAN Savunma” şirkətinin PUA-lar üçün hazırladığı MİLSAR radarı

Alparslan onu da qeyd edib ki, hazırda “Meteksan Savunma” bu iki mühüm məsələdə fərqli həllər ortaya qoyur: “Bu həllərimiz Türkiyənin müdafiə və aviasiya sənayesi olaraq dost və müttəfiq ölkələrin ehtiyaclarının qarşılanması üçün həyata keçirdiyimiz çalışmalarda da kritik önəmə sahibdir. Bir insansız platformadakı alt sistemlərin, hər hansı ixracat məhdudiyyətinə sahib olmaması, istifadəçinin tələblərinə asanca uyğunlaşdırıla bilməsi olduqca mühümdür. Biz də platformalar üçün belə əhəmiyyətli sistemlər təqdim edirik”.

“Meteksan Savunma”nın 2019-cu ilin sonlarında təqdim etdiyi çoxfunksiyalı MİLSAR radarı SAR (Synthetic Aperture Radar) və hərəkətli hədəf aşkarlama (Ground Moving Target Indicator / GMTI) funksiyalarına sahib olmaqla yanaşı, kiçik qabaritləri və funksionallığına görə bazardakı bənzər sistemləri üstələyir. Yığcam dizaynı, 30 kq çəkisi və az enerji sərfiyatı MİLSAR-ın əsas üstünlüklərdəndir. Standart 15” EO/IR sensor modulu ilə eyni mexaniki interfeysə malik olması sayəsində elektro-optik kompleks çıxarıla və yerinə MİLSAR taxıla bilər. Kompakt dizayn və mövcud elektro-optik cihazların ölçü və ağırlıqları ilə uyumluluğu radarın fərqli PUA-lara inteqrasiyasını səviyyədə asanlaşdırır.

MİLSAR radarı SAR texnologiyası ilə istifadəçiyə məsafədən asılı olmayaraq yüksək keyfiyyətli görüntü əldə etməyə imkan verir. Strip rejimində radar 1 metr dəqiqliyə malik görüntü istehsal edir və bunları bir video görüntüsü kimi onlayn rejimdə operatora göstərir. Görüntülərin yer stansiyasına ötürülməsi üçün ehtiyac duyulan dalğa diapazonu da mövcud PUA-nın məlumat kanalı ilə uyğundur. Spot rejimində isə MİLSAR hədəf sahəsinin 30 sm dəqiqliklə görüntüsünü çıxarır. Yaxın perspektivdə bura dəyişiklikləri aşkarlama xüsusiyyətinin (Coherent Change Detection) əlavə edilməsi planlaşdırılıb. GMTI funksiyası yerüstü hədəfləri izləməyə, habelə MİLSAR-dan atəş idarəetmə radarı kimi istifadə etməyə imkan verir. Bu zaman hədəfin pozitiv analizi üçün elektro-optik cihazdan gələn görüntülərə də ehtiyac duyulur. Sistem hədəfləri izləmək üçün DMTI (Dismounted Moving Target Indication / Ayrılmış Hərəkətli Hədəf Təsbiti) və dəniz hədəfləri üçün MMTI (Maritime Moving Target Indication / Deniz Hərəkətli Hədəflərinin Təsbiti) rejimlərinə də sahibdir.

“Meteksan Savunma”nın “Anka” və “Bayraktar TB2” platformalarına inteqrasiya edilmi OKİS sistemi isə radar texnologiyalarından istifadə etməklə, hətta GPS siqnalları olmadığı mühitdə belə PUA-ların avtomatik qalxma və enməsi üçün nəzərdə tutulub. Kiçik qabaritlərə malik OKİS-in hava platformaları üçün nəzərdə tutulan komponenti bütün seqmentlərdə PUA-ların faydalı yük daşıma qabiliyyətinə təsir göstərmədən istifadə oluna bilər. Keçirilən testlərdə “Bayraktar TB2”yə inteqrasiya edilmiş OKİS qurğusu ilə kompleksin aerodrom avadanlığı arasında 12 km məsafədən əlaqənin yaradılması mümkün olub. İki nəfər tərəfindən daşına və qısa müddətdə qurula və sökülə bilən OKİS mövcud uçuş-eniş zolaqlarının hər iki istiqamətindən qalxma və enməyə şərait yaradır.

“Meteksan Savunma”nın “Anti-Jamming GNSS” cihazı GPS, GLONASS, GALILEO, BEIDOU qlobal peyk naviqasiya sqnallarını dəstəkləyir və geniş tezliklərdə işləyir. “Anti-Jamming GNSS” cihazı sayəsində qarışdırma siqnallarının istiqaməti müəyyən edilir və kosmik filtrləmə tətbiq edilərək qarışdırma siqnallarının yatırılması təmin olunur. Siqnal emalı alqoritmləri tərəfindən ayırd edilən qarışdırıcı siqnalları təmizlənir, standart naviqasiya siqnalları alıcıya verilməsi üçün yenidən formalaşdırılır. Cihaz müasir texnologiyası və kiçik qabarit ölçüləri sayəsində raketlər, PUA-lar və digər platformalarda istifadə edilə bilər. GPS L1, GPS L2 və GLONASS L1 dalğa diapazonlarında çalışa bilən “Anti-Jamming GNSS” 4 kanallı antenaya, platformalara uyğun antena dizaynına sahibdir. MIL-STD-810G və MIL-STD-461F uyumlu sistem eyni anda birdən çox qarışdırıcıya qarşı dayanıqlı, yüksək sürət, manevr və yüksəklikdə çalışa biləcək imkanlara sahibdir.

“Meteksan Savunma”nın başqa bir məhsulu – CRA seriyalı radar altimetr cihazlarına 2500 fut hündürlüyü həssaslıqla ölçə bilən CRA-201 və 5000 fut yüksəklik ölçmə qabiliyyətinə malik CRA-501 radar altimetrləri daxildir. Tam hərbi standartlara cavab verən, sınaqlardan uğurla keçmiş bu cihazlar Türkiyə ilə yanaşı iki xarici istifadəçi tərəfindən də istifadə olunur.

“CTech” şirkətinin Mobil Peyk Rabitə terminalı

2005-ci ildən müdafiə, aviasiya və kosmik sənaye sektorlarında fəaliyyət göstərən “CTech Bilişim Teknolojileri Sanayi ve Ticaret A.Ş” (CTech) (2018-ci ildə TUSAŞ şirkətinin tərkibinə daxildir) şirkəti IS0-9001:2019 sertifikatı, Milli və NATO Gizli Müəssisə Təhlükəsizlik sertifikatlarına sahibdir. Şirkət fəaliyyətində ECSS, CMMI Səviyyə-3, IEEE-12207, IEEE-15288 və MlL-STD-973, ANSI7EIA 649 kimi beynəlxalq standartları əsas götürür.

“CTech” şirkəti tərəfindən hazırlanmış UFUK-HX10 LOS rabitə sistemi

“CTech” tərəfindən hazırlanmış Türkiyənin ilk yerli və milli mobil peyk rabitə sistemləri insanlı və insansız yerüstü nəqliyyat vasitələrində, həmçinin dəniz platformalarında istifadə olunur. Sözügedən sistem məsafə məhdudiyyəti olmadan hərəkətli halda, kəsintisiz olaraq peyk rabitəsinə, yüksək həcmdə və çox yüksək sürətlərdə məlumatların ötürülməsinə imkan verir. 2019-cu ildə sınaqları başa çatdırılaraq seriyalı istehsalına başlanmış DEV-KU-18 SOTM (SATCOM-On-The-Move) peyk terminalı hazırda “Anka-S” PUA-da istifadə olunur. Yüngül çəkisi və ultrakompakt dizaynı bu sistemin digər yerli və xarici hava və yer platformalarında da istifadəsinə imkan yaradır. Terminal “Ku” və “Ka” dalğa diapazonlarını istifadə edərək 20 Mbps-ə qədər məlumat ötürmə sürəti təmin edir. Antena bloku, modem və ACU ilə birlikdə SATCOM cihazının çəkisi 24 kq-dan azdır.

“CTech”in müxtəlif müxtəlif PUA-larda istifadə oluna biləcək UFUK-HX10 görüş xətti (Line-of-Sight -LOS) rabitə sistemi PUA-nın yer idarəetmə stansiyası ilə hər cür hava və əməliyyat şəraitində etibarlı və kəsintisiz rabitə əlaqəsi üçün nəzərdə tutulur. Yerli dizaynı və yaradılan dalğa forması sayəsində xaricdən asılılıq minimum səviyyəyə endirilib. Proqramlaşdırılmış radiostansiya (Software Defined Radio – SDR) arxitekturasının tətbiq olunduğu UFUK-HX10 sistemi hava və yer terminalları, uyğunlaşdırılmış data modemləri, RF blokları və antenalarndan ibarət Full Duplex rabitə həllidir. Sistemin yer-hava kanalı real vaxt rejimində pilotsuz uçuş aparatına idarəetmə komandalarının ötürülməsi, hava-yer kanalı isə PUA-nın elektro-optik cihazlarından əldə edilən sensor, video və səs məlumatlarının 200 km məsafədən yer stansiyasına ötürülməsini təmin edir. Hava modemində mövcud olan video kodlaşdırıcı ilə yük məlumatları emal edilərək anlıq HD və SDD video ötürmə əldə olunur.

Türkiyənin hərbi proqramlaşdırma sahəsində aparıcı şirkətlərindən olan “MilSOFT Yazılım Teknolojileri” şirkəti tərəfindən TUSAŞ şirkətinin “Anka-S”, “Aksunqur” PUA-nın yer idarəetmə stansiyasının əsas proqram təminatı işlənib hazırlanmış, eləcə də şirkətin Mil-IES görüntü qiymətləndirmə sistemi “Anka-S” və “Bayraktar TB2” PUA-larında tətbiq edilmişdir.

“Bayraktar TB2” və “Anka” kimi taktik PUA-ların proqram təminatı MİLSOFT şirkəti tərəfindən hazırlanıb

“MilSOFT” şirkətinin PUA sənayesi şirkətləri üçün hazırladığı Görüntü Qiymətləndirmə Həllərinə Mil-IES Daşına bilən Görüntü Qiymətləndirmə Sistemi (TGKS), Uzaq Görüntü Terminalı və Yer Nəzarət Stansiyası İdarəetmə Sistemi daxildir. Daşına bilən Görüntü Qiymətləndirmə Sistemi PUA-ların üzərindəki EO/IR və SAR/GMTI sensorları tərəfindən Yer İdarəetmə Stansiyasına və oradan bu cihazlara ötürülən görüntülərin, telemetriya və GMTI informasiyalarının emal edilərək görüntüyə çevrilməsi, kəşfiyyat tələblərindən asılı olaraq informasiyaların qiymətləndirilməsi prosesini həyata keçirir. Sahədə istifadəyə əlverişli şəkildə dizayn olunmuş Uzaq Görüntü Terminalı PUA-dan göndərilən sensor informasiyalarını istifadəçiyə təqdim edir.

TGKS operatorları sensor informasiyalarını analiz edərək görüntü kəşfiyyatı aparır və məruzələr hazırlayaraq TAFICS xətti üzərindən müvafiq qurumlara göndərir. Sistem görüntünü işlənməsi və analizi, fotoqrametriya, görüntünün qəbulu və saxlanması, kəşfiyyatın idarə edilməsi funksiyalarına sahibdir.

“MilSOFT”un Yer Nəzarət Stansiyası İdarəetmə Sistemi tapşırıqların planlaşdırılması, uçuş, faydalı yük, rabitə planlaması, tapşırıqların təqdimatı, tapşırıqların sistemə yüklənməsi, izlənməsi, brifinqi və dəyərləndirilməsi, Faydalı Yükə Nəzarət Proqramı isə PUA-nın faydalı yükünün kontrolu, faydalı yük informasiyalarının işlənməsi, qeydə alınması və yenidən izlənilməsi, Rabitə Sistemi isə xarici sistemlərlə STANAG 4586 uyğun əlaqənin yaradılması, xarici interfeyslərin idarə edilməsi, radiostansiya, telefon və intercom sistemlərlə inteqrasiya, İzləmə Proqramına isə vəziyyət və diaqnostik məlumatların toplanması, arxivləşdirilməsi və nümayişi funksiyalarını yerinə yetirir.

“MilSOFT”un Mil-I2S inteqrasiya edilmiş kəşfiyyat sistemi taktik və strateji səviyyədə kəşfiyyat, aşkarlama və müşahidə (Intelligence, Surveillance, Reconnaissance -ISR) ehtiyacları üçün yaradılıb. Mil-I2S sistemi 2D, 3D və CBS dəstəkli kəşfiyyat rəsminin formalaşdırılması,  PUA, peyk və kəşfiyyat-nəzarət təyyarələrinin canlı sensorlarının inteqrasiyası, canlı və yazılmış video və ya sabit görüntüləri işləmə, məlumatların saxlanması, üçüncü məlumat mənbələri ilə inteqrasiya imkanlarına sahibdir.

Adıçəkilən şirkətlərlə yanaşı “Savronik” şirkəti PUA istehsalçıları üçün görüş xəttindən kənarda olan PUA-larla “X” və “Ku” dalğa diapazonlarında səs və məlumatların ötürülməsi, aparatların uçuşunun idarə edilməsi üçün nəzərdə tutulan peyk yer terminalı və stansiyaları, SDT şirkəti Məkan Kəşfiyyat İdarəetmə Sistemi, DDR-300 məlumat qeydə alma cihazı, PUA indarəetmə kompüterlərin istehsalını həyata keçirir.

Milli PUA-lara yerli mühərrik

Pilotsuz və pilotlu aviasiya vasitələrinin mühərriklərinin xaricdən idxalı zaman-zaman yaradılan siyasi və iqtisadi əngəllərə görə həyata keçirilən layihələrdə müəyyən yubanmalara, eyni zamanda ixracatda bir nömrəli problemə çevrilib. Mühərrik idxalının milli imkanlar hesabına qarşılanması istiqamətində proqramlar öz bəhrəsini verməyə başlayıb. Yerli müəssisələrdə yaradılmış mühərriklər hesabına qısa müddətdə PUA-ların milliləşmə faizinin artırılmasına nail olunmuşdur.

1985-ci ildə TUSAŞ, “General Electric” (GE), Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondunun (TSKGV) və Türk Hava Kurumunun (THK) iştirakı ilə yaradılmış TUSAŞ Motor Sanayii A.Ş (TEI) şirkəti tərəfindən PUA-lar üçün müxtəlif güclərə sahib mühərrik nümunələrinin yaradılması və istehsalı istiqamətində işlər aparılır. Qeyd edək ki, 1987-ci ildə Türkiyə Hava Qüvvələri üçün ilk F110 mühərrikinin istehsalını həyata keçirən TEI hazırda mühərriklərin hissə və modullarının istehsalı, mühərriklərin yığımı və sınaqları, təmir və servisi, yeni mühərriklərin dizaynı və istehsalı sahəsində ixtisaslaşıb. 2004 -cü ildən PUA-larda istifadə edilə biləcək turboreaktiv və turbovintli qaz turbinli mühərriklərin dizaynı və yaradılması istiqamətində işlərə başlayan TEI son illər çalışmalarına pistonlu mühərrikləri də əhatə etməklə fəaliyyət dairəsini genişləndirib.

Şirkətdən AZERİ DEFENCE jurnalına verilən məlumata görə, hazırda TEI-də həyata keçirilən PUA mühərriklərinin yaradılması işləri pistonlu mühərriklər və qaz turbinli mühərriklər olmaqla iki istiqamətdə davam edir.

TEI-PD170 mühərriki

Qaz turbinli mühərriklər sahəsində ilk olaraq Türkiyənin öz ehtiyaclarının qarşılanması, orta və uzaq perspektivdə isə beynəlxalq bazarlarda yer almaq məqsədi ilə müasir, yüksək texnologiyalara sahib turboreaktiv və turbovintli mühərriklərin yaradılması işlərinə 2004-cü ildə start verilib. TÜBİTAK tərəfindən dəstəklənən layihə çərçivəsində 2011-ci ildə TEI-TJ90 turboreaktiv mühərrikinin yaradılmasına başlanıb və 5 iyun 2013-cü ildə TEI-nin təcrübə platformasında mühərriyin ilk uçuş sınaqları keçirilib. 2017-ci ildən müəssisədə TUSAŞ-ın “Şimşək” hədəf dronları üçün 90 lb güc yaratma qabiliyyətinə sahib TEI-TJ90 mühərrikinin seriyalı istehsalı davam edir. TEI-TJ90 mühərriki hərbi standartlara, EMI/EMC uyğunluğu, mancanaq (katapult) təsirinə dayanıqlığı, kerosin və elektriklə işə salma xüsusiyyətlərinə görə fərqlənir.

2013-cü ildə SSB tərəfindən elan edilən “PD170 operativ PUA mühərrikinin yaradılması Layihəsi” çərçivəsində TEI-nin hazırladığı 170 at gücündə TEI-PD170 turbodizel mühərrik başda TUSAŞ-ın “Anka” PUA-ı olmaqla, MALE (Medium Altitude Long Endurance) sinif PUA-ların güc ehtiyacının qarşılanması üçün nəzərdə tutulub.

2017-ci ilin əvvəllərində işə salınan TEI-PD170 mühərriki 27 dekabr 2018-ci ildə “Anka” PUA üzərində birinci sınaq uçuşunu uğurla tamamlayıb. TEI-PD170 mühərriyi PUA-nın havada daha uzun müddət qalmasına, faydalı yük həcminin artırılmasına, uçuş hündürlüyünün 13.7 km-dək yüksəldilməsinə imkan verir. Mülki aviasiya standartlarına cavab verən Mühərriyin Nəzarət Sisteminin proqramı da TEI tərəfindən hazırlanıb. Ümumilikdə TEI-PD170 mühərriki 6000 saatdan çox kalibrasiya və testlərdən keçirildikdən sonra seriyalı istehsala buraxılmışdır.

TEI-PG50 mühərriyi

23 noyabr 2019-cu il tarixində TEI və TUSAŞ arasında 40 ədəd TEI-PD170 mühərrikinin çatdırılmasına dair müqavilə imzalanıb. İstehsal olunmuş mühərriklərin ilk partiyası bu ilin yanvar ayında sifarişçiyə təhvil verilib.

Şirkətdən həmçinin bildirilib ki, hazırda sinfinin ən üstün xüsusiyyətlərinə sahib TEI-PD170 mühərriyinin əsasında 200 və daha çox at qüvvəsinə malik yeni bir mühərrik yaradılır. TEI-PD222 adlandırılan yeni mühərriyin həyata keçirilən ilk testlərində 225 at gücü əldə edilmişdir.

Dizaynı və istehsalı milli imkanlar hesabına tamamlanan TEI-PD170 turbodizel aviasiya mühərriyi bütün daxili komponentlər, xammal və s. daxil olmaqla 90 faizdən çox yerlilik payına sahibdir. 2020-ci ilin sonuna qədər qalan digər sistemlərin də yerliləşdirilməsi hədəflənir.

TEI-nin maksimum yerlilik payı ilə hazırladığı benzinlə çalışan iki taktlı TEI-PG50 pistonlu aviasiya mühərriyi də PUA üçün nəzərdə tutulur. Hazırda seriyalı istehsalına hazırlıq görülən TEI-PG50 mühərriyi maksimum 50 at qüvvəsində güc istehsal edir. TEI-PG50 mühərriyi bənzər digər PUA mühərrikləri ilə müqayisədə istehsal etdiyi güc, çəkisi, milli və hərbi məqsədli elektron nəzarət sistemi, injektor və alışdırma sistemləri, eləcə də sürətli texniki və logistik dəstək sayəsində önə çıxır.

Daha böyük PUA-lara doğru

“Bayraktar TB2” və “Anka-S”dən əldə olunmuş təcrübə əsasında “Baykar Makina” və TUSAŞ daha böyük faydalı yükgötürmə qabiliyyətinə və geniş imkanlara malik pilotsuz uçuş aparatlarının yaradılması layihələri üzərində işləyirlər.

Hər iki şirkətin hazırda test mərhələssində olan layihələrində əsas diqqət PUA-ların havada qalma müddətinin uzadılması, radioelektron maneələrin tətbiqi şəraitində tapşırıqları icra edə bilməsi, faydalı yükünün, uçuş tavanının və peyk üzərindən idarə etmə hesabına döyüş radiusunun artırılmasına yönəldilib.

Ötən dövrdə Amerika və Avropadan bəzi dövlətlərin mühərrik və digər dəstləşdiricilərin Türkiyəyə ixracına əngəllərin yaradılmasına baxmayaraq, istehsalçı şirkətlər digər mənbələr və yerli istehsal hesabına yaradılma mərhələsini tamamlayaraq, sınaq mərhələsinə qədəm qoyublar.

ANKA-Aksunqur

TUSAŞ şirkətinin “Anka-S” taktik PUA-nın bazasında hazırladığı “Anka-Aksunqur” PUA böyük yükgötürmə qabiliyyətinə, gecə və gündüz kəşfiyyat, nəzarət və hücum tapşırıqlarını yetirmək imkanına sahib olacaq. Şirkətin təqdimat materiallarından bəlli olduğu qədər “Anka-Aksunqur”un müasir elektro-optik, infraqırmızı, SAR və SIGINT faydalı yükləri, habelə “hava-yer” silahları ilə təchiz edilməsi planlaşdırılır. Hər biri 170 at gücündə iki ədəd PD-170 turbodizel mühərriklə təchiz edilmiş PUA-nın uçuş tavanı 12100 metr, havada qalma müddəti hücum və dəniz nəzarəti əməliyyatlarında 750 kq xarici yüklə, 7300 metr yüksəklikdə 12 saat, SIGINT kəşfiyyatında isə 150 kq xarici yüklə 12100 metr yüksəklikdə 24 saat təşkil edəcək. “Anka-Aksunqur” PUA-nın qanad açıqlığı 24 metr, çəkisi 3300 kiloqramdır. PUA-nın hər bir qanadının altında 150, 300 və 500 kq ağırlığında döyüş sursatını daşımaq üçün 3 asqı mövcuddur. Şirkətin açıqladığı məlumata görə, “Anka-Aksunqur” ROKETSAN şirkətinin istehsalı olan “Təbər-81” və “Təbər-82” idarəetmə dəsti ilə təchiz olunmuş aviasiya bombaları, L-UMTAS, MAM-L, “Cirit”, MAM-C, HGK-3, KGK idarəetmə dəstləri ilə təchiz olunmuş aviasiya bombaları, habelə minatür bombaları ilə silahlandırılacaq.

“Azeri Defence”nin IDEF-2019 sərgisində TUSAŞ mütəxəssislərindən əldə etdiyi məlumata görə, tam avtonom əməliyyat imkanlarına sahib olan “Anka-Aksunqur” ikili avtomatlaşdırılmış uçuş-nəzarət sisteminə, şifrələnmiş rəqəmsal ötürmə kanalına, buzlaşmaya qarşı qoruma sisteminə sahibdir. SATCOM idarəetmə “Anka-S” kimi “Anka-Aksunqur”un uzaq məsafədən idarə edilməsinə imkan verəcək və döyüş radiusunu artıracaq.

“Anka-Aksunqur”un görüntü kəşfiyyatının aparılması üçün özündə gündüz kamerası, infraqırmızı kamera, lazer işarələyici, lazer məsafəölçəni birləşdirən elektro-optik faydalı yük, SAR/GMTI-ISAR radarı, geniş sahə nəzarət kamerası; siqnal kəşfiyyatı üçün COMINT/DF, ESM/ELINT; dəniz gözətçi missiyaları üçün SAR/GMTI-ISAR radarı, AIS, sonobuoy və MAD boomu; rabitə məqsədi ilə SATCOM, personal yer aşkarlama sistemi (PLS), V/UHF radiorele, rabitə xidməti konteyneri ilə təchiz edilməsi nəzərdə tutulur.

“Akıncı” PUA

İlk uçuşunu 2019-cu ilin dekabr ayında keçirmiş  “Baykar Makina” şirkətinin “Akıncı” PUA-ı 20 metrlik qanad açıqlığına malikdir. Müxtəlif döyüş sursatları, o cümlədən “hava-hava” sinif raketlərlə silahlandırılacaq PUA süni intellektə sahib olacaq. Bundan başqa, “Akıncı”nın radioelektron mübarizə konteyneri, SAR radarı, peyk rabitə sistemləri və s. faydalı yüklərlə təchiz ediləcəyi bildirilir. Şirkət rəsmiləri mətbuata açıqlamalarında “Akıncı”nın gələcəkdə SOM-A qanadlı raketləri ilə silahlandırılacağını da iddia edirlər.

Şirkət rəsmiləri “Akıncı”nın yaradılma və test prosesinin qrafikə uyğun getdiyini bəyan etsələr də, Türkiyə mediası mühərrik məsələsinin hələ də həllini tapmadığını yazır. Türk mətbuatı 2019-cu ilin sentyabr ayında “Baykar Makina”nın Ukraynanın “Motor Siç” şirkətinin istehsalı olan MS-500V-S və AI-450C turboprop mühərriklərini “Akıncı” üzərində sınaqdan keçirdiyini yazıb. Şirkət rəsmiləri mediaya açıqlamalarında daha bir neçə xarici şirkətin istehsalı olan mühərrikləri sınaqdan keçiriləcəyini qeyd ediblər. Başqa bir məlumatda isə TEI şirkəti tərəfindən “Akıncı” üçün PD170 markalı mühərrikin 750 at gücündə yeni bir nümunəsinin yaradıldıması layihəsinin işləndiyi bildirilir.

“Baykar Makina”nın kataloq məlumatlarında 5500 kq maksimum qalxma ağırlığına malik “Akıncı”nın 12100 metr uçuş tavanına və 24 saat uçuş müddətinə sahib olacağı, iki SATCOM və LOS sisteminə (250 km), tam avtomatlaşdırılmış uçuş nəzarətinə, 3 ehtiyat avtopilot sisteminə, avtomatik enib-qalxma funksiyasına, GPS-ə bağlı olmadan daxili sensor məlumatları əsasında naviqasiyaya, tam avtomatlaşdırılmış hərəkət və trayektoriya izləmə xüsusiyyətinə və s. qabaqcıl funksiyalara sahib olacağı bildirilir.

Məqalə AZERİ DEFENCE jurnalının Mart-Aprel 2020-ci il tarixli 2 (46) sayında nəşr olunub

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş