Dronlara qarşı akustik sensorlar

Dronlara qarşı akustik sensorlar

Sentyabrın 14-də husi silahlıları tərəfindən Səudiyyə Ərəbistanının cənubunda yerləşən Abkayk və Hureys neft terminallarına dronlarla edilən hücumlar nəticəsində ARAMCO şirkətinə böyük zərər vuruldu. On səkkiz ədəd kamikadze dronla edilən bu hücum nəticəsində termminalın rezervuarları sıradan çıxarıldı və fəaliyyəti iflic vəziyyətinə salındı. Sıradan çıxarılmış terminalların bağlanması nəticəsində Səudiyyə Ərəbistanı neft ixtehsalını yarıyadək azaltmalı oldu ki bu da dünya üzrə neft istehsalının təxminən 5% demək idi. İstehsalın azalması nəticədə dünya bazarlarında neftin qiymətinin birdən birə 20%-dək bahalaşmasına səbəb oldu.

Hadisədən sonra açıqlama verən Səudiyyə Ərəbistanının hərbi yetkililəri və ekspertlərin fikrincə, ordunun və təhlükəsizlik strukturlarının istifadəsində olan kəşfiyyat texnologiyalarının hücumları əvvəlcədən təyin edə bilməməsinə səbəb dronların həddən ziyadə aşağı hündürlükdən uçması olub. Bu səbəbdən mövcud radiolokasiya sistemləri həmin dronları aşkarlaya bilməyib.

ARAMCO şirkətinə məxsus neft terminalının dron hücumundan sonrakı görüntüsü

Hələ 2012-ci ildə bir həvəskar dron operatorunun istifadə etdiyi “DJI Phantom” tipli mini pilotsuz uçuş aparatını Ağ Evin həyətinə endirməsi dronların yaxın gələcəkdə yaradacağı təhdidlərlə bağlı siqnal idi. Az keçməmiş hərbi sənaye şirkətləri dronlara qarşı texnologiyalarını bazara təqdim etməyə başladılar. 2016-2017-ci illərdə Suriya və İraqda İŞİD, Türkiyədə PKK/PYD terrorçuları tərəfindən əldəqayırma partlayıcılar və minaatan mərmiləri yüklənən dronlarla hücumların aktivləşməsi, mülki bazarda satılan dronların bir terror “makinasına” çevrilməsi baş verdi.

Paralel şəkildə meydana çıxan kamikadze PUA-lar və ya başqa sözlə “gəzən sursat”lar bu təhdidi hərbi müstəviyə daşımaqdadır. Başqa sözlə, artıq dronlar kəşfiyyat təyinatından uzaqlaşaraq, həm orduların, həm də terror qruplarının məsafədən idarə olunan silahına çevrilir.

Dron təhdidləri Azərbaycan üçün də aktualdır. Bu təhdidlər tək Ermənistanla 1000 kilometrlik cəbhə xəttində deyil, eləcə də strateji obyektlərin, zavodların, neft-qaz terminallarının dronlara qarşı mühafizə və müdafiəsinin təşkilinə ehtiyac yaradır. 2014-cü ildən cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat məqsədi ilə PUA-ların müxtəlif növlərindən mütəmadi olaraq istifadə edilməkdədir. İlk başda, Ermənistan Silahlı Qüvvələri tərəfindən kəşfiyyat məqsədi ilə yerli istehsal olan “Krunk” və Rusiya istehsalı olan “Ptero-5E” tipli taktik PUA-lardan istifadə edilsə də, bu PUA-ların bəzilərinin vurulması düşməni qiymətcə ucuz, mülki bazardan əldə edilə bilən dronlara üz tutmağa məcbur etmişdir. Hazırda Ermənistan Ordusunun cəbhə xəttindəki bütün bölükləri yaxın məsafədə müşahidə və kəşfiyyat aparmağa imkan verən “DJİ İnspire” tipli Çin, eləcə də yerli istehsal olan müxtəlif növ multikopter tipli dronlarla təchiz olunub. Müxtəlif vaxtllarda erməni tərəfinin Azərbaycan Ordusunun cəbhə xəttindəki mövqelərinə multikopterlərdən döyüş sursatlarının atışı və kamikadze hücum cəhdləri etdikləri bildirilir. Müdafiə Nazirliyinin açıqladığı məlumatlara görə, 2015-2018-ci illərdə cəbhə xəttində Ermənistan Ordusuna aid 31 PUA məhv edilib. Bunun da əksər hissəsi məhz multikopterlər olub. Artıq Azərbaycan Ordusu son bir neçə ildə Ermənistanın hərbi şirkətləri tərəfindən nümayiş etdirilən kamikadze-PUA-ları da ciddiyə almaq məcburiyyətindədir. Ermənistanın “Pro MAQ” şirkəti tərəfindən yaradılmış və sınaqları yekunlaşmaq üzrə olan “Hreş” adlı kamikadze-PUA-nın uçuş radiusu 20 km təşkil edir ki, bu da cəbhə xəttinin dərinliyinə zərbə endirməyə imkan verir. Şirkətin “Beeb-1800” adlı digər PUA-ı isə həm kəşfiyyat, həm də zərbə endirilməsi üçün nəzərdə tutulur. Sirr deyil ki, yaradılan və yaradılmaqda olan bu texnologiyalar yaxın perspektivdə Azərbaycan üçün ciddi təhdidə – başağrısına çevriləcəkdir.

Sky Sentry

Dronlarla mübarizə aparmaq üçün müxtəılif istehsalçı şirkətlər tərəfindən bir birinə bənzər və fərqli həllər təklif olunur. Mütəxəssislərin sözlərinə görə, dron hücumu təhdidləri ilə mübarizənin ana xəttini onların vaxtında aşkarlanması təşkil edir. Bəzən vaxtında aşkarlanmayan dronlarla endirilən ani zərbələr antidron silahların imkanları xaricində olur. Məhz bu kontekstdə həm mobil, həm də stasionar şəraitdə obyektlərin mühafizəsi zamanı diqqət yetirilməsi gərəkən məqamlardan birincisi dronların uçuşunun vaxtında aşkarlanmasıdır. Hazırda bu məqsədlə daha çox radiolokasiya sistemlərindən istifadə edilməsinə baxmayaraq aşkarlama effektivliyi 60%-i keçmir. Xüsusilə də kiçik ölçülü, aşağı hündürlükdə uçan PUA-ların aşkarlanması ilə bağlı problemlər mövcuddur. Hərbi əməliyyat zonalarında isə radarların düşmənin radioelektron kəşfiyyat vasitələri ilə aşkarlanması, onlara müdaxilə ehtimallarının mövcudluğu problem olaraq qalır.

“SkySentry” sisteminin əsasını təşkil edən AMMS akustik sensoru

Özünəməxsus, patentləşdirilmiş akustik çoxfunksiyalı sensorların yaradılması və istehsalı sahəsində tanınmış Niderlandın “Microflown AVISA” şirkəti Azərbaycan Ordusuna və güc strukturlarına AMMS (Acoustic Multi-Mission Sensors – Akustik Çoxməqsədli Sensor) texnologiyasına əsaslanan “Sky Sentry” adlı antidron kəşfiyyatı sistemini təklif edir. Adıçəkilən sistem günün 24 saatı, hər cür hava şəraitində sabit qanad PUA-lar, multikopter tipli dronlar və helikopter kimi uçuş aparatları ilə yanaşı RPQ, pulemyot, snayper və minaatanların atış nöqtələrini aşkarlamağa imkan verir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Sky Sentry”in əsas üstünlüyü heç bir şəkildə jamminq edilə bilməməsi vəə düşmənin radiotexniki kəşfiyyat sistemləri tərəfindən təsbit olunmasının mümkünsüzlüyüdür. Digər tərəfdən, sınaqlar zamanı yüksək dəqiqliklə aşkarlama qabiliyyətini sübuta yetirmiş sistem hazırda bazarda ən kiçik xəta payına sahibdir. Hər cür hava şəraitində çalışan “Sky Sentry” NATO tərəfindən testlərdən keçirilib. Sistem sabit qanad PUA-ları (2 kq çəkidə) 2 km, rotorlu PUA-ları 1 km, multikopterləri 500 m, helikopterləri isə 10 km uzaqlıqdan təsbit etməyi bacarır. Bunun üçün AMMS sensorları təyin edilən obyektin perimetri boyunca bəlli məsafədə yerləşdirilməlidir. Dronların akustik imzasını şəhər mühitində müşahidə olunan bütün digər səs mənbələrindən ayırmaq üçün “Sky Sentry” sistemi xüsusi alqoritmlərdən istifadə edir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, mühərrikli uçan platformaların akustik imzalarına görə, müxtəlif növləri var.

  • İki mühərrikli geniş səs lentinə malik təyyarələr;
  • Pərvanəli təyyarələr;
  • Helikopterlər (əsas və quyruq rotorlarına malikdir);
  • Sabit qanadlı, bir pərvanəli dronlar;
  • Multikopter dronlar (4, 6 və 8 rotorlu) geniş lentli səs mənbəyinə malik.

Dronların tonal və geniş lentli səs mənbələri analiz üçün fərqli alqoritmlər tələb edir. Geniş səs-küylü bir mühitdə dronu aşkarlamaq və analiz eləmək üçün bir neçə məqamı nəzərə almaq lazımdır:

  • dronlar özləri az səs yayırlar;
  • uzaq bir məsafədə uçan helikopter yaxınlıqdakı PUA kimi eşidilir;
  • mühitdə çox sayda digər səs mənbələri mövcuddur;
  • davamlı işləyən kondisioner qurğuları bənzər səslər yayır;
  • motosikletlərlərin çıxardığı səslər PUA səsi olaraq qəbul edilə bilər.

Texniki cəhətdən ən ciddi problem səs-küylü mühitdə zəif siqnalın qəbulu və analizidir. Bütün bu məsələlər “SkySentry”də nəzərə alınıb və həll olunub. Sistemə daxil olan komanda postu qəbul edilən bir informasiyanı digər sensor qovşaqları ilə tutuşduraraq analiz edir. Bunun nəticəsində vaxtı, GPS vasitəsi ilə koordinatları, yüksəkliyi, obyektin sürətini, trayektoriyasını müəyyənləşdirir.

Batareyalar, akkumulyator, günəş enerjisi və digər eneri mənbələri ilə çalışa bilən “Sky Sentry” sistemi istifadəçiyə GT-B300/P62 Ruggedized Notebook ilə təqdim edilir. Ehtiyacdan asılı olaraq komanda mərkəzinə də inteqrasiya oluna bilir. PUA-ların izlənilməsi və olduğu koordinatlar, həmçinin sürəti kompüter ekranında operatora bildirilir. Sistem vasitəsi ilə birdən çox istifadəçiyə eyni zamanda informasiyalar göndərilməsi mümkündür. Mütəxəssislərin sözlərinə görə, döyüş zonalarında, yaxud hansısa mühüm tədbirlərin təşkil olunduğğu ərazilərdə AMMS sensorlarını nəqliyyat vasitələrinin damında yerləşdirilməklə mobil aşkarlayııcı kimi istifadə etmək olar.

“Sky Sentry” asan istifadəçi interfeysinə və rahat qavranılma texnologiyasına sahibdir. Operatorun sistemi öyrənib mənimsəməsi üçün cəmi bir günlük təlim kursu yetərlidir.

QEYD: “SkySentry” sistemini Azərbaycan bazarına “Quantum Electronics” şirkəti yerli “Megascops” şirkəti ilə birgə təqdim edir

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş