DSA-2016 sərgisində Azərbaycanda istehsal edilmiş 220 adda hərbi məhsul nümayiş olunacaq

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) Malayziyanın Kuala Lumpur şəhərində keçiriləcək DSA-2016 Asiya Müdafiə Xidmətləri sərgisində iştirak edəcək.

Bu barədə “AzerıDefence”yə MSN-nin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 18-dən 21-dək Malayziyanın Kuala Lumpur şəhərində DSA-2016 15-ci Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı keçiriləcək.

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatların nümayişi məqsədilə müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.

Dünyanın 60 ölkəsindən 1200-dən çox şirkətin iştirakı nəzərdə tutulan sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

Dörd gün davam edəcək sərgi çərçivəsində nazir Y.Camalovun Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş