DSX əməkdaşları tərəfindən sərhəd pozucuları saxlanılıb

DSX əməkdaşları tərəfindən sərhəd pozucuları saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozması müşahidə olunub və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu saxlanılıb.

İlkin araşdırma zamanı saxlanılan şəxsin Cəlilabad rayon sakini 1973-cü il təvəllüdlü İbrahimov Zahid Eldar olduğu məlum olub. Araşdırma zamanı Z.İbrahimovun 2018-ci ildə oğurluğa görə məhkum olunması və 2019-cu ilin iyun ayında vaxtından əvvəl şərti azadlığa buraxılması müəyyən edilib.

Bundan başqa DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədinin pozulması aşkar olunub, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Görülmüş tədbirlər nəticəsində Qusar rayonunun Samur çay yatağında Əlcəzair vətəndaşı 1987-ci il təvəllüdlü Lahlah Djamal sərhəd pozucusu qismində saxlanılıb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş