DSX Akademiyası bilik yarışmasında 1-ci yerə çıxıb – FOTO
Noyabrın 11-də 44 ali təhsil müəssisəsinin iştirak etdiyi, Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyası 35 xalla 1-ci yerə yüksəlib.
Xidmətin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 13-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bilik yarışının qaliblərini və onları hazırlamış müəllim heyətini qəbul edib.
General-polkovnik Elçin Quliyev kursantları və onların müəllimlərini qələbə münasibətilə təbrik edib, Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında və formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu xüsusi qeyd edib. 2014-cü ildən etibarən keçirilən bu bilik yarışında DSX Akademiyasının daima ilk beşlikdə yer tutması, ötən il 2-ci yerə, bu dəfə isə 1-ci pilləyə yüksəlməsi gənc sərhədçi nəslinin hərbi vətənpərvərlik və Heydər Əliyev ideyalarına sadiqlik ruhunda tərbiyəsi sahəsində qazanılmış ciddi uğur kimi qiymətləndirilib.
“Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında yüksək bilik və əzmkarlıq nümayiş etdirərək ən yüksək nəticə göstərmiş kursantlar və müəllimlər dövlət təltifləri və fəxri fərmanlar ilə mükafatlandırılıb.