DSX Akademiyası məzunlarının ilk buraxılışı olub – FOTOLENT

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyası məzunlarının ilk buraxılışı münasibəti ilə Dövlət Bayrağı Meydanında təntənəli mərasim keçirilib. “AzeriDefence”nin məlumatına görə, mərasimə DSX rəhbərliyi, həmçinin məzunların yaxınları qatılıb.Əvvəlcə Azərbaycanın Dövlət Himni oxunduqdan sonra məzunlara diplomlar təqdim edilib. Bundan sonra DSX-nin zabit sıralarına daxil olan gənc leytenantlar “Sərhədçi andı”nı qəbul ediblər.

Tədbirdə çıxış edən DSX Akademiyasının rəisi, general-mayor Araz Məmmədov qeyd edib ki, hərbi təhsil müəssisəsi ilk məzunlarını yola salır. DSX Akademiyasının Azərbaycanın Sərhəd Qoşunları üçün peşəkar zabitləri hazırlamaq məqsədi ilə yaradıldığını deyən A. Məmmədov bildirib ki, bu gün məzun olan gənclər xidmətə başladıqları gündən fərqləniblər. Onlardan 7 nəfər Akademiyanı fərqlənmə diplomu ilə bitirib.

“Akademiyada təhsil aldıqları dövrdə gənc zabitlərə nəzəri biliklərlə yanaşı səhra şəraitində təlimlər keçirilib, müasir silah və hərbi texnikalar öyrədilib”, – deyə Akademiya rəisi vurğulayıb.

DSX rəisi, general-leytenant Elçin Quliyev isə gənc zabitlərə tabeliklərində olacaq şəxsi heyəti dövlət sərhədlərinin mühafizəsinə yönləndirməyi, vətənpərvərlik və Azərbaycançılıq hissləri aşılamağı tövsiyə edib. DSX Akademiyasının 2007-ci ilin iyun ayının 12-də dövlət başçısının sərəncamı əsasında yaradıldığını xatırladan general E. Quliyev Ali Baş Komandanın bu sərəncamının dövlət sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsində mühüm rol oynayıb.

“Əminəm ki, hər bir zabitimiz Ali Baş Komandanın əmri altında dövlət sərhədlərimizin qorunmasına öz töhfəsini verəcək. Ali Baş Komandanın əmri ilə işğal altındakı ərazilərimiz düşməndən təmizlənəcək, Azərbaycanın üçrəngli bayrağı dövlət sərhədlərimizdə dalğalanacaq”, – deyə DSX rəisi bəyan edib.

E. Quliyev həmçinin qeyd edib ki, bu il DSX Akademiyasını 100 nəfər bitirib. Qarşıdakı illərdə tələb duyulan istiqamətlər üzrə Akademiyada kadrların hazırlanması işi davam etdiriləcək.

General E. Quliyev DSX Akademiyasının ilk buraxılışının Dövlət Bayrağı Meydanında keçirilməsinin xüsusi məna kəsb etdiyini qeyd edib.

DSX rəisi Akademiyanı fərqlənmə ilə bitirmiş bir qrup gənc leytenanta fəxri fərman və qiymətli hədiyyə təqdim edib.

Daha sonra Akademiyanın şəxsi heyəti tribuna önündən təntənəli marşla keçid ediblər.

Qeyd edək ki, DSX Akademiyasının bitirən gənc zabitlər bu gün həmçinin Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını da ziyarət ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş