DSX Akademiyasında “Azərbaycanın Sərhəd Mühafizəsi: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda təqdimat keçirilib

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantları üçün “Azərbaycanın Sərhəd Mühafizəsi: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda təqdimat keçirilib. Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.Təqdimat zamanı Akademiyanın kursant heyəti qarşısında çıxış edən DSX rəisi, Sərhəd Qoşunları komandanı general-leytenant Elçin Quliyev Azərbaycan Sərhəd Mühafizəsinin təşəkkülü və formalaşması, milli sərhəd mühafizə qüvvələrinin çətin və şərəfli inkişaf yolu, dövlət sərhədlərinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər, hazırda həyata keçirilən tədbirlər və Dövlət Sərhəd Xidmətinin gələ­cək­ inkişaf istiqamətləri barədə geniş məlumat verib.

Ümummilli lider Heydər Əliyev tərəfindən DSX qarşısında beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə, kütləvi qırğın silahlarının yayılmasına və qaçaqmalçılığa qarşı mübarizə, dənizdə neft-qaz hasilatı infrastrukturunun mühafizəsi kimi vəzifələr qoymasının və bu vəzifələrin icrası üçün zəruri səlahiyyətlər müəyyən etməsinin Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına xüsusi təkan verməsi qeyd olunub.

Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətində aparılan islahatlara böyük diqqət göstərilməsi və məhz bu qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin aparatının, Naxçıvan sərhəd diviziyasının, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələri qarnizonlarının, “Sərhədçi” idman – olimpiya kompleksinin, Abşeron rayonunun Görədil qəsəbəsində “Sərhədçi” istirahət mərkəzinin, Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksinin, DSX Akademiyasının, Bakı şəhərinin Nərimanov rayonunda 1 ədəd 48 mənzilli, 3 ədəd 88 mənzilli yaşayış binalarının, sərhəd xətti boyu 109 sərhəd zastavası və sərhəd komendantlığı komplekslərinin inşa edilməsi, 1747 mənzildən ibarət 115 yaşayış binasının xidməti istifadəyə verilməsi xüsusi vurğulaıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanının DSX-nin hərbi hissə və bölmələrinə dəfələrlə səfər etməsinin Dövlət Sərhəd Xidmətinə göstərilən diqqət və qayğının yüksək təzahürü olmasını xüsusi vurğulayan general-leytenant Elçin Quliyev Azərbaycanın dövlət sərhədləri yaxınlığında mövcud olan əməliyyat şəraiti, Dövlət Sərhəd Xidmətində həyata keçirilən ştat-struktur islahatları, hərbi qulluqçuların sosial məişət problemlərinin həlli istiqamətində görülən işlər, dəniz sərhədlərinin mühafizəsi və beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi barədə də kursantlara məlumat verib.

Təqdimatda hər bir Azərbaycan zabitinin, Azərbaycan sərhədçisinin şərəf işi olan işğal edilmiş torpaqların azad edilməsinin və ölkə sərhədlərini tam mühafizə altına götürülməsinin Azərbaycan sərhəd mühafizəsinin ən əsas vəzifəsi olması, Azərbaycan sərhədçilərinin prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətənə şərəflə xidmət etməyə hazır olmaları xüsusi vurğulanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş