DSX Akademiyasında kursantlar and içdilər

Sentyabr ayının 24-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında kursantların andiçmə mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, hərbi andı qəbul etmələri münasibətilə DSX rəisi, general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Mərasimdə qeyd olunub ki, vətənə sədaqət andı içən kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün akademiyada bütün şərait yaradılıb, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyət formalaşıb.

Gənc kursantlar adından çıxış edənlər hərbi biliklərə dərindən yiyələnəcəklərinə, dövlət sərhədlərini qoruyacaqlarına, sərhədçi adını daim uca tutacaqlarına söz veriblər.

Tədbirdə çıxış edən valideynlər övladlarının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları ilə fəxr etdiklərini bildirib, gənc kursantlara dövlətə və xalqa sadiq, mətin, mərd və qürurlu zabit kimi yetişərək vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulayıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş