DSX Akademiyasında kursantların andiçmə mərasimi keçirilib

Oktyabr ayının 18-də Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Hərbi andı qəbul etmələri münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2010-cu ilin avqust ayının 10-da akademiya kompleksinin açılış mərasimində iştirak etməsinin xatırlandığı mərasimdə qeyd olunub ki, Vətənə sədaqət andı içən kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün akademiyada bütün şərait yaradılıb, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyət formalaşıb. Akademiyanın zabit-gizir, professor-müəllim heyəti gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün bütün bilik, təcrübə və bacarıqlarını sərf edirlər.

Gənc kursantlar adından çıxış edənlər hərbi biliklərə dərindən yiyələnəcəklərinə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına söz veriblər.

Tədbirdə çıxış edən valideynlər övladlarının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları ilə fəxr etdiklərini bildirib, gənc kursantlara Azərbaycan dövlətinə və xalqına sadiq, mətin, mərd və qürurlu zabit kimi yetişərək Vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulayıblar.

photo_20151019110611

KATEQORIYA:
Bu xəbəri paylaş