DSX Azərbaycanda tikilmiş daha 3 hərbi gəmini istifadəyə qəbul edəcək

General-polkovnik Elçin QULİYEV: “Sərhəd təhlükəsizliyinin fiziki üsulla yox, əməliyyat və texniki yolla təmin olunması istiqamətində mühüm işlər görülür”“Aparılan islahatlar nəticəsində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilib, sərhəd məntəqələri müasir texniki avadanlıqlarla təchiz edilib, maddi-texniki baza xeyli möhkəmləndirilib, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılıb”.

“AzeriDefence”nin xəbərinə görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyev bildirib.

General-polkovnik E. Quliyevin sözlərinə görə, dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri nəticəsində ötən il 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilib, 342 xidməti mənzil istifadəyə verilib.

“Prezident İlham Əliyevin tapşırığı ilə 2013-cü ildə Bakı şəhərinin Xətai rayonu ərazisində 4 binadan ibarət yaşayış şəhərciyinin tikintisi başlanılıb və cari ildə inşaat işləri başa çatdırılıb. Yaxın müddətdə həmin şəhərcikdə 600-dən artıq mənzilin güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarına verilməsi nəzərdə tutulur”, – deyə general vurğulayıb.
DSX rəisi bildirib ki, sərhəd məntəqələrində bir neçə ildir səyyar radiolokasiya sistemləri tətbiq olunur, sərhəd zastavalarının kompleks texniki vasitələri vahid avtomatlaşdırılmış sistem tərkibində birləşdirilir. Sərhəd zastavalarının daxili təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələr kompleksinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri, həmçinin radiolokasiya sistemləri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, Dövlət Sərhəd Xidmətində rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş səs, video və məlumatları inteqrasiyaetmə imkanlarına malik vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir.

“Ölkəmizin sərhəd təhlükəsizliyinin fiziki üsulla yox, əməliyyat və texniki yolla təmin olunması istiqamətində mühüm işlər görülür. Cənab prezidentin qətiyyəti və iradəsi sayəsində ölkəmiz MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilib. Kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə imzalanmış qarşılıqlı anlaşma memorandumuna əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalarının, o cümlədən “Azərsky” peykinin imkanlarının tətbiqinə başlanıb”, – deyə DSX rəisi əlavə edib.

General-polkovnik E. Quliyev qeyd edib ki, “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahəsində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müvəffəqiyyətlə davam etdirilir. Ötən il istifadəyə verilən Dövlət Sərhəd Xidmətinin gəmi inşası zavodu dəniz sərhədlərimizin mühafizəsinə öz töhfələrini verməkdədir: “Zavodun imkanları hesabına sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənir və nəticə etibarilə dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksəlir. Artıq zavodda inşa olunan dörd gəmi dəniz sərhədlərimizin mühafizəsindədir. Yaxın gələcəkdə daha üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaq”.

KATEQORIYA:
Bu xəbəri paylaş