DSX “AzərSky” peykindən istifadə edəcək – FOTOLAR

Dövlət Sərhəd Xidməti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında sərhəd mühafizəsində yüksək texnologiyaların tətbiqi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

İmzalanmadan öncə DSX-nin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov arasında dövlət sərhədlərinin mühafizəsində yüksək texnologiyaların səmərəli tətbiqi imkanları geniş müzakirə olunub.

Memoranduma əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalardan, o cümlədən “Azərsky” peykinin imkanlarından geniş istifadə ediləcək. Memorandum çərçivəsində Dövlət Sərhəd Xidməti Akademiyasının “Uçuş mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantlarının rabitə və yüksək texnologiyalar sahəsində təcrübə keçmələrinin təşkili də nəzərdə tutulur.

DSX-dən bildirilib ki, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradıb.

KATEQORIYA:
Bu xəbəri paylaş