DSX-da Abbasəli Novruzovun 80 illik yubileyi keçirilib

Mayın 25-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında general-mayor Abbasəli Novruzovun anadan olmasının 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Həyatının 57 ilini vətənin təhlükəsizliyinin təmin olunmasına, dövlət sərhədlərinin mühafizəsinə sərf edən A. Novruzov SSRİ dövründə sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksəlib, Göytəpə Sərhəd Dəstəsində zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsi rəisinin müavini vəzifəsinə qədər şərəfli xidmət yolu keçib. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğruldub.

1994-cü il aprelin 8-də ümummilli lider Heydər Əliyev Abbasəli Novruzovu yenidən xidmətə qaytararaq müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının Komandanı vəzifəsinə təyin edib. A. Novruzov Azərbaycanın “Əməkdar hüquqşünas”ı fəxri adına və SSRİ “Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı” adına layiq görülüb, dövlət çevrilişi cəhdlərinin, xarici dövlətlərin pozuculuq fəaliyyətlərinin qarşısının alınmasında və sərhədlərin mühafizəsində öz xidməti borcunu şərəflə yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Sərhədçi veteran general-leytenant İnayət Xəlilov mərasimdə çıxış edərək A. Novruzovun ömrünü Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyinin təminatına həsr etdiyini, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində uğurla fəaliyyət göstərdiyini bildirərək yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən əsl vətənpərvər, böyük sərhədçi nəslinə örnək və nümunə olduğunu qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə general-mayor A. Novruzovun Azərbaycanın xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunması xəbərini tədbir iştirakçılarına çatdıran Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bu münasibətlə A. Novruzovu təbrik edib, “Şöhrət” ordenini və vəsiqəsini yubilyara təqdim edərək öz səmimi təbriklərini çatdırıb.

A.Novruzov çıxış edərək xidmətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib, tədbirdə söylənilən xoş sözlərə görə təşəkkür edib.

KATEQORIYA:
Bu xəbəri paylaş