DSX əməkdaşları dövlət sərhəddini pozan şəxsləri tutublar

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilib.

Xidmətin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən  2 nəfər Hindistan vətəndaşı –  1993-cü il təvəllüdlü Shukla Sarkhar Jitendrakumar və 1995-ci il təvəllüdlü Shukla Yash Jitendrakumar saxlanılıb.

Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əcnəbiləri əraziyə gətirmiş taksi sürücüsü və  bir qrup Gürcüstan vətəndaşları ilə əlbir olaraq onların sərhəddən keçirilməsinə bələdçilik edən 1999-cu il təvəllüdlü Bayramov Samir Ədil oğlu müəyyənləşdirilərək yaxalanıb.

Bununla yanaşı Ağstafa rayonu “Böyük-Kəsik” sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Gürcüstana keçərkən Hindistan vətəndaşı 1995-ci il təvəllüdlü Singh Sukhvinder şübhəli şəxs qismində saxlanılıb, əşyalarına baxış zamanı üzərindən iki nəfər Pakistan və iki nəfər Hindistan vətəndaşına məxsus pasportlar aşkar olunub. Aparılmış araşdırma zamanı qeyd olunan Hindistan vətəndaşının da qeyri-leqal miqrasiya ilə məşğul olması müəyyənləşdirilib.

Hazırda hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş