DSX əməkdaşları dövlət sərhədini pozan şəxsləri tutublar

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları əcnəbi vətəndaşlar tərəfindən dövlət sərhədinin pozulmasının qarşısını alıblar.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Hadisə Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozarkən 4 sərhəd pozucusu saxlanılıb.

Araşdırma zamanı Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Hindistan vətəndaşları – 1995-ci il təvəllüdlü Dhak Mazara, 1993-cü il təvəllüdlü Singh Sukhdeep və Pakistan vətəndaşları – 1969-cu il təvəllüdlü İmtiaz Muhammed, 2002-ci il təvəllüdlü Həsən Əli olması müəyyən edilib. Sərhəd pozucularının üzərinə baxış zamanı 2 ədəd mobil telefon, 4 ədəd pasport, 2 ədəd simkart, 3 ədəd kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 Pakistan rupisi aşkar olunub.

Araşdırma zamanı saxlanılmış sərhəd pozucularının Azərbaycan ərazisinə rəsmi qaydada daxil olmaları, Avropa ölkələrinə getmək məqsədilə dövlət sərhədini pozaraq Gürcüstan ərazisinə keçməyə cəhd göstərmələri müəyyən edilib.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş