DSX hərbi qulluqçuların xidməti və sosial şəraiti yaxşılaşdırılır

DSX hərbi qulluqçuların xidməti və sosial şəraiti yaxşılaşdırılır

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması üzrə Ali Baş Komandan qarşısında qaldırılan bütün məsələlərə Azərbaycan Prezidenti İlham Əliyev hər zaman xüsusi diqqətlə yanaşıb.

Azeri Defence saytının məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

DSX rəisi bildirib ki, məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin büdcə ayırmaları 146 dəfə artıb, 17 hərbi hissə və struktur qurum, o cümlədən bütün sərhəd dəstələrinin qarnizonları, “Sərhədçi” idman olimpiya kompleksi, Abşeron rayonunun Görədil qəsəbəsində və Lənkəran rayonunun Vel qəsəbəsində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası inşa olunub, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilib.

Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 312 mənzilli yaşayış binaları inşa olunub, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub. 154 binadan ibarət 1441 xidməti mənzil tikilərək və ya əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilib.

“Bu müddət ərzində 115 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilmiş yaxud əsaslı təmir olunub. Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 757 xidməti bina istifadəyə verilib. Böyük fəxrlə qeyd edirəm ki, bu illər ərzində Prezident İlham Əliyev DSX-nin hərbi hissələrinə 37 dəfə səfər edib. Bu rəqəm təkcə region dövlətləri üçün deyil, bütün dünya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının unikal göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymətdir”, – deyə DSX rəisi vurğulayıb.

General-polkovnik Elçin Quliyev onu da qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il iyun ayının 5-də Dövlət Sərhəd Xidmətinin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərar verməsi, bununla əlaqədar idarəetmə sisteminin təkmilləşdirilməsi, aparatın yeni struktur qurumlarının, silahlı birləşmələrinin idarəetmə orqanlarının fəaliyyətinin təşkil olunması və şəxsi heyətlə komplektləşdirilməsi Azərbaycan Sərhəd Mühafizəsinə ən yüksək etimadının göstəricisidir.

“Xüsusi olaraq vurğulamaq istərdim ki, 2005-ci ildə DSX aparatının inzibati binasında – Azərbaycan xalqına qarşı uzun illər repressiyalar törədilmiş məkanda – sərhəd dəstələrinə və hərbi hissələrə döyüş bayraqlarının Prezident İlham Əliyev tərəfindən şəxsən təqdim edilməsi biz sərhədçilərə diqqətin və qayğının təcəssümü olmaqla yanaşı, həm də müstəqil Azərbaycan naminə əqidələri uğrunda savaşmış Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi repressiya qurbanlarının ruhuna ehtiramın ifadəsi olmuşdur.

Prezidenti İlham Əliyevin sərhədçilərlə həmin görüşdə vurğuladığı kimi – “Azərbaycan yanar regionda təhlükəsizlik adasıdır və bu adanın təhlükəsizliyi sərhədçilərə həvalə olunmuşdur”. Bu ifadə Ali Baş Komandanın sərhəd təhlükəsizliyinə verdiyi önəmin ali təzahür forması olaraq dövlət sərhədinin mühafizəsi sahəsində islahatların əsas mahiyyətini təşkil edib.

XXI əsrdə Azərbaycan Sərhəd Mühafizəsinin çətin və mürəkkəb olduğu qədər də şərəfli inkişaf yolu xəyalların gerçəkləşməsi, mümkün olmayanın reallaşması yoludur. Çünki vaxtilə uzaq gələcək kimi qəbul etdiyimiz müasir sərhəd mühafizə infrastrukturunun, sərhəd aviasiyasının və sahil mühafizəsinin yaradılması, dövlət sərhədinin mühafizəsində peyk texnologiyalarının tətbiqi, sərhəd məntəqələrində radiolokasiya sistemlərinin, səyyar və stasionar müşahidə və elektron-optik vasitələrin istifadəsi, rəqəmsal informasiya sisteminin yaradılması, sərhədçilərin sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması – artıq günümüzün reallığıdır”, – deyə DSX rəisi vurğulayıb.

General-polkovnik Elçin Quliyev bildirib ki, Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə prosesləri uğurla davam edirsə, deməli, sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə inkişaf etməkdədir: “Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsini, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini, yeni silah-sursat, texnika və vasitələrin alınaraq xidmətdə tətbiqini müvəffəqiyyətlə həyata keçirir, Vətən sərhədlərinin toxunulmazlığını təmin etməklə, dövləti maraqlara sədaqətlə xidmət edir”.

KATEQORIYA:
Bu xəbəri paylaş