DSX-nin Akademiyasına qəbul elan edilib

DSX-nin Akademiyasına qəbul elan edilib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Azeri Defence”ə verilən məlumata görə, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaq.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilən birinci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– ərizə;

– anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);

– tərcümeyi-hal;

– özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, həyat yoldaşı, övladları, həyat yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;

– attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;

– orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti;

– yaşayış yerindən arayış;

– doğum haqqında şəhadətnamənin surəti;

– valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;

– dörd ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3×4 sm ölçüdə).

DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları hərbi xidmətdə olmayanlar üçün 2021-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır. Hərbi xidmətdə olanların DSX Akademiyasına qəbul edildiyi tarixədək 23 yaşı tamam olmamalıdır.

Müraciət edən şəxslər tam orta və ya orta ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

Sənədlər DSX Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.

Əlaqə nömrələri: 012–372–16–20 və 493-62-47.

Sənədlər 2021-ci il martın 30-dək qəbul ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş