DSX-nin hərbi qulluqçuları “Heydər Əliyev zirvəsi”nə yürüş ediblər

DSX-nin hərbi qulluqçuları “Heydər Əliyev zirvəsi”nə yürüş ediblər

15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş gününün 27-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən general və zabitlərdən ibarət bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub.

Bu barədə “Azeri Defence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

DSX Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları mürəkkəb relyefə malik olan dağlıq ərazini keçərək təyin olunmuş zirvəyə qalxıb. Orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb, Dövlət Himnini ifa edib və “Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 27-ci ildönümünü tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.

Sərhədçi yürüşünün yekununda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmlənməsində, Azərbaycan sərhəd mühafizəsinin formalaşmasında və inkişafındakı əvəzsiz xidmətlərinin əbədi olaraq xatirələrdə yaşayacağı qeyd olunub.

“Dahi Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında daima böyük qürur və şərəflə həyata keçiriləcək, ölkəmizin sərhəd mühafizəsi daha da möhkəmlənəcək, yaxın zamanlarda dövlətimizin ərazi bütövlüyü təmin olunacaq və dövlət sərhədlərimizin hər bir hissəsində müzəffər dövlət bayrağımız ucaldılacaqdır!”, – deyə DSX bəyan edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş