DSX-nin mərhum əsgərinin yaxın qohumları sərhəd zastavasına səfər ediblər

Dövlət Sərhəd Xidmətində (DSX) hərbi xidmətdə olarkən Alazan çayında suda batması nəticəsində vəfat etmiş əsgər Fərdi Yarəliyevin atası və yaxın qohumları onun xidmət etdiyi sərhəd zastavasına səfər ediblər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”ə verilən məlumata görə, mərhum əsgərin yaxınları onun ölüm hadisəsinin baş verdiyi çay kənarında olub, şahidlər və mərhumun əsgər yoldaşları ilə görüşüb, hadisənin təfərrüatları ilə tanış olublar.

Əsgər Fərdi Yarəliyevin üzmək üçün çaya daxil olmasının bilavasitə şahidi olan və təhlükəli olduğuna görə onu bu hərəkətdən çəkindirməyə çalışan Zaqatala rayonu 1-ci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini onlara danışıb.

Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub.

Məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib.

Zaqatala hərbi prokuroru Surxay Hüseynov onlarla görüşüb, mərhumun cəsədinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, sualları cavablandırılıb.

Məlumatda o da qeyd olunub ki, keçirilən görüşlər və aparılan söhbətlər nəticəsində mərhum əsgərin ölümü ilə əlaqədar müxtəlif KİV-lərdə və sosial mediada yayılmış əsassız ittihamların tam qərəzli və həqiqətə zidd olması bir daha öz təsdiqini tapıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş