DSX-nın “Samur” sərhəd zastavasının açılışı və yeni zastavanın təməlqoyma mərasimi keçirilib
2015-ci ilin iyunun 15-də Dövlət Sərhəd Xidmətinin Xudat Sərhəd Dəstəsinin yaradılmasının 23-cü ildönümü ərəfəsində Qusar rayonunun Samur qəsəbəsində yerləşən “Samur” sərhəd zastavasının açılışı və yeni inşa ediləcək sərhəd zastavasının təməlqoyma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini general-leytenant Rəşad Sadiqov sərhəd zastavasının açılışı və Milli Qurtuluş günü münasibətilə şəxsi heyəti təbrik edib, Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Ali Baş Komandanın göstərişlərini icra etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu, bu hisslərin özəyində möhtərəm Prezident İlham Əliyevin Azərbaycan sərhədçilərinə böyük etimadının, Azərbaycan sərhəd mühafizəsinin inkişafına xüsusi qayğısının dayandığını bildirib.
Hazırda xalqımızın Birinci Avropa Oyunlarına doğma Azərbaycanımızın ev sahibliyi etməsi qürurunu yaşadığını, bu oyunların ölkəmizdə keçirilməsinin prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsində mümkün olduğu, müstəqil dövlətimizin qüdrətinin növbəti təntənəsi, dünya birliyindəki böyük nüfuzunun parlaq təzahürü kimi qeyd edilib.
Tədbirdə binanı əsaslı təmir edərək sərhədçilərin istifadəsinə verdiklərinə görə “Azərsun Holdinq” şirkətinə minnətdarlıq bildirilib.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olublar. Müasir tələblərə cavab verən sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.
Sərhəd zastavasına baxış keçirildikdən sonra yeni inşa ediləcək sərhəd zastavası kompleksinin təməlqoyma mərasimi keçirilib.
Tədbirin sonunda qonaqlar əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar ediblər.