DSX-nin xüsusi məktəbində tədris ilinə yekun vurulub – FOTOLENT

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində 2011-2012-ci tədris ilinin başa çatması münasibətilə tədbir keçirilib. Bu barədə “AzeriDefence”yə DSX-dən məlumat verilib.

Azərbaycanın Dövlət Himni səsləndikdən sonra DSX rəisinin müavini general-mayor Məhəmməd Abbasquliyev, DSX Akademiyasının rəisi general-mayor Araz Məmmədov, xüsusi məktəbin rəisi polkovnik-leytenant İntiqam Atakişiyev və məktəbdə təhsil alan şagirdlərin valideynləri çıxış ediblər.

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məktəbin yaradılmasındakı xüsusi əməyi qeyd olunub. Bildirilib ki, gənclərin yaxşı təhsil almaları, fiziki və mənəvi tərbiyələri, vətənə və cəmiyyətə yararlı insan kimi yetişmələri fondun daim diqqət yetirdiyi məsələlərdəndir. Tədbirdə həmçinin vurğulanıb ki, xüsusi məktəbdə şagirdlərin yüksək səviyyədə təlim və təhsil almaları üçün bütün şərait yaradılıb. Məktəbdəki müasir və yeni təchiz olunmuş xarici dil, informatika, fizika və ibtidai hərbi hazırlıq kabinetləri, şagirdlərin odlu silahlardan atəş açmaq vərdişlərinə yiyələnmələrində mühüm rol oynayan interaktiv atəş zalı, atçılıq və futbol meydançaları, trenajor otaqları, kitabxana, istirahət və yataq otaqları, yataqxana korpusu, yeməkxana müasir təhsil ocağına nümunə göstəriləcək səviyyədədir. Buradakı pintbol meydançalarında şagirdlərə döyüş qaydaları, hücum, müdafiə kimi hərbi üsullar öyrədilir. Müəllim və şagirdlər yaradılmış yüksək şəraitdən bacarıqla istifadə edərək ilk tədris ilini uğurla başa çatdırıblar.

Sonra təlimdə və təhsildə fərqlənən müəllim və şagirdlərin bir qrupuna Fəxri Fərmanlar və Tərifnamələr təqdim olunub. Şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxışdan sonra keçirilən bədii hissədə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar oxunub.

Şagirdlər tərəfindən əlbəyaxa döyüş səhnələri göstərilib.

KATEQORIYA:
Bu xəbəri paylaş