DSX-nin yeni hərbi hissəsi açıldı -FOTOLENT

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında iştirak edib. Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Ali Baş Komandana raport verib. Dövlət başçısı əvvəlcə hərbi hissənin qarnizonunda yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, burada hərbi qulluqçuların xidməti vəzifələrini yerinə yetirmələri üçün hər cür şərait yaradılıb. Azərbaycan Prezidentinin 2011-ci il 18 iyul tarixli Fərmanına uyğun olaraq, 15 aya inşa edilən bu hərbi hissənin ərazisi 40 hektardır. Burada 80,6 min kvadratmetr ərazidə inşaat işləri görülüb, 270 min kvadratmetr sahə isə abadlaşdırılıb.

Altımərtəbəli əsgər yataqxanasında olan Prezident bölmələrin yerləşmə və tədris şəraiti ilə tanış olub. Məlumat verilib ki, burada əsgərlərin və digər hərbi qulluqçuların istirahəti və xidməti yüksək səviyyədə həyata keçirmələri üçün zəruri tədbirlər görülüb. Əsgərlərin məişət şəraiti üçün lazımi infrastruktur yaradılıb, bütün növ xidmətlər yüksək standartlar nəzərə alınaraq təşkil olunub. Bundan əlavə, binanın yuxarı mərtəbəsində böyük konfrans zalı yaradılıb və burada hərbi hissənin həyatı ilə bağlı müxtəlif tədbirlər keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin əks olunduğu muzey isə həm də ideoloji mərkəz funksiyasını yerinə yetirir. Muzeydə ümummilli liderin və Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna, o cümlədən ölkədə Sərhəd Qoşunlarının inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər qurulub.

Sonra Prezident İlham Əliyev əsgər yeməkxanasında yaradılan şəraitlə maraqlanıb. Qeyd edilib ki, əsgərlərin yüksək səviyyədə qidalanması üçün burada hər cür şərait var. Hərbi hissənin ərazisində bütün zəruri avadanlıq və ləvazimatlarla təchiz olunan hospital fəaliyyət göstərir. Hospitalda ambulator müayinələrin və müalicə işinin aparılması üçün bütün imkanlar nəzərə alınıb, əməliyyat bloku yaradılıb.

Daha sonra Prezident İlham Əliyev hərbi hissədə yaşayış binaları kompleksinin açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, hərbi hissənin ərazisində ümumilikdə 185 mənzilin olduğu 5 bina tikilib. Burada yaradılan şərait təsdiqləyir ki, bu gün Azərbaycan Ordusunda müşahidə olunan hərtərəfli yüksəliş sərhədçilərin və onların ailə üzvlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə də müsbət təsir göstərir. Prezidentin Azərbaycanın bölgələrinə etdiyi səfərlərində hərbçilər və onların ailələri üçün inşa edilən binaların açılışında iştirak etməsi dövlətin ordu quruculuğuna diqqət və qayğısını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, kompleksdə sərhədçilər və onların ailələrinin istirahəti üçün lazımi şərait yaradılıb. Yaşayış kompleksində 2,5 min kvadratmetr ərazidə abadlıq işləri görülüb, yaşıllıq zonası salınıb. Bundan əlavə, sərhədçi ailələrinin istifadəsi üçün dörd tədris qrupu üzrə nəzərdə tutulan 100 yerlik uşaq bağçası var. Burada uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə yerinə yetirilməsi üçün hər cür əyani vəsaitlərlə təchiz olunan bölmələr yaradılmış, məktəbəqədər hazırlıq guşələri qurulub. Bağçanın daxilində 2,1 min kvadratmetr sahəsi olan qapalı hovuz inşa olunub.

Daha sonra dövlət başçısı hərbi hissənin tədris meydanı və təlim poliqonunda olub. Burada Prezidentə yeni texnika və silah növləri barədə məlumat verilib. Qeyd olunub ki, bu gün Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin komplektləşdirilmə faizi və keyfiyyəti də yüksək səviyyədədir. Əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Burada yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycan sərhədçiləri öz fəaliyyətləri ilə dövlətin və xalqın onlara olan etimadını doğruldur. Çünki Azərbaycan sərhədçiləri beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparırlar. Karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə daxili sabitliyin qorunması kimi vacib vəzifələrin öhdəsindən şərəflə gələn Sərhəd Qoşunları bu baxımdan respublikamızın qazandığı uğurlarda mühüm rol oynayır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş