DSX nümayəndə heyəti Səudiyyə Ərəbistanında olub

Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəisi general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvatın dəvəti ilə mayın 26-dan 30-dək Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndə heyəti Səudiyyə Ərəbistanında səfərdə olub. Bu barədə “AzeriDefence”yə DSX mətbuat mərkəzindən məlumat verilib.

Səfər zamanı Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Sahil Mühafizəsi İnstitutunun buraxılış mərasimində iştirak edib.

Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəisi general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat, Daxili İşlər Naziri şahzadə Məhəmməd bin Naif ilə görüşlər keçirib. Müzakirələr zamanı Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsi vurğulanıb, sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilib, sərhəd mühafizəsinin təşkili, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, təcrübə mübadiləsinin həyata keçirilməsi üzrə birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Dövlət Sərhəd Xidmətinin nümayəndələri Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidməti bölmələrinin fəaliyyəti, maddi-texniki imkanları ilə tanış edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş