DSX rəisi və Prezidentin köməkçisinin iştirakı ilə Qazaxda müşavirə keçirilib

DSX rəisi və Prezidentin köməkçisinin iştirakı ilə Qazaxda müşavirə keçirilib

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev DSX Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb. Sərhədçilərin xidməti və yaşayış şəraitləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqələrində düşmən ilə təmas xəttində xidmət aparan hərbi qulluqçular ilə görüş keçirilib.

Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastruk-turunun formalaşdırılması məqsədilə görülən işlərlə tanış olunub, bu məqsədlə aparılan tikintilərə baxış keçirilib. Qazax rayonunun İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iştirakı ilə bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin qısa müddət ərzində realizəsi məsələləri müzakirə olunub.

“Qazax” əlahiddə sərhəd diviziyasının rəhbər heyəti ilə xidməti müşavirə keçirilib. Hərbi hissə və bölmələrin döyüş hazırlığının möhkəmləndirilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, sərhədçilərin döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş