DSX rəisi Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkunu qəbul edib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Səfir görüşdə Türkiyənin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi general-mayor İhsan Başbozkurtu DSX rəisinə təqdim edib.

Dövlət Sərhəd Xidmətinin rəisi hərbi attaşeni yeni təyinatı ilə əlaqədar təbrik edib, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Dövlət Sərhəd Xidməti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Söhbət əsnasında Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı Dövlət Sərhəd Xidmətinin rəisi həmçinin Türkiyədə son zamanlar törədilmiş terror aktları nəticəsində çoxsaylı hərbçilərin şəhid olması və yaralanması xəbərinə dərindən kədərləndiyini izhar edib. Baş vermiş hadisələrlə əlaqədar dərin hüznlə baş sağlığı verdiyini, yaralananların tezliklə sağalmasını dilədiyini vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş