DSX rəisi Türkiyənin Jandarma Baş Komandanı ilə görüşüb

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Jandarma Baş Komandanı ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə hər iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin inkişafı xüsusilə vurğulanıb, Azərbaycan DSX və Türkiyə Jandarma Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən dövlət sərhədlərinin bir hissəsinin Ermənistanın işğalı altında qalması və bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub.

Bununla yanaşı, qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi və digər transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilən tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş