DSX rəisi Türkiyənin Quru Qoşunlarının komandanını qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zeki Çolakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 18-də keçirilən görüşdə ölkələrimiz arasındakı möhkəm əlaqələrin qədim tarixi köklərə, mehriban dostluq və qardaşlıq ənənələrinə əsaslandığı məmnunluq hissi ilə qeyd olunub. Ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurlu inkişafı xüsusilə vurğulanıb, Azərbaycanın Dövlət Sərhəd Xidməti və Türkiyənin Quru Qoşunları arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tutduğu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyini bildirən ordu generalı S. Çolak Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub, qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Görüş zamanı tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, sərhəd təlimlərinin və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

 

colak2

colak3


colak5

KATEQORIYA:
Bu xəbəri paylaş