DSX rəisi Macarıstanın “Müqəddəs Georq” medalı ilə təltif edilib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 5-6 iyun tarixlərində Budapeştdə keçirilən Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın XX plenar iclasında iştirak edib. Bu barədə “AzeriDefence”yə DSX-dan məlumat verilib.

32 ölkənin sərhəd xidməti üzrə səlahiyyətli orqanlarının və sərhəd məsələləri üzrə 7 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi konfransda “Sərhədlərin idarə edilməsi və cinayətkarlıq arasında əlaqə” mövzusunda müzakirələr aparılıb. Eyni zamanda “Sərhəd keçid nəzarəti”, “Sahil mühafizəsi”, “Viza rejimi və giriş şərtləri” və s. üzrə işçi qruplarının fəaliyyəti haqqında iştirakçılara məlumat verilib və bu istiqamətdə müzakirələr davam etdirilib.

E. Quliyev səfər çərçivəsində Avropa Birliyinin sərhəd məsələləri üzrə agentliyi olan “Frontex”in icraçı direktoru İlka Laytinen (Ilkka Laitinen), konfransın sədri İştvan Şamu ilə və digər şəxslərlə görüşlər keçirib.

Konfransın birinci günü Macarıstan parlamentində keçirilən təntənəli iclas zamanı general-leytenant Elçin Quliyev Macarıstan Daxili İşlər Nazirliyinin ən yüksək mükafatı olan “Müqəddəs Georq” medalı ilə təltif edilib. Dörd ölkənin – Böyük Britaniya, Almaniya, Avstriya və Azərbaycanın sərhəd xidmətlərinin rəhbərləri bu medala layiq görülüblər. Mükafatı Macarıstanın daxili işlər naziri Şandor Pinter təqdim edib.

Konfransın sonunda Azərbaycan Dövlət Sərhəd Xidməti “Sahil nəzarəti üzrə işçi qrupu”nda həyata keçirdiyi diqqətəlayiq rəhbərlik fəaliyyətinə görə Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın gümüş ulduzuna layiq görülüb.

KATEQORIYA:
Bu xəbəri paylaş