DSX rəisi Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşüb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Bakıda rəsmi səfərdə olan Türkiyə Quru Qoşunları komandanı ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin Aparatında ordu generalı Hulusi Akarın qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq Quru Qoşunları Komandanı Şərəf dəftərinə ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilən görüş zamanı general-leytenant Elçin Quliyev salamlayaraq Azərbaycanın dövlət sərhədlərindəki əməliyyat şəraiti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizinin, eləcə də Azərbaycan-İran sərhədinin 132 kilometrinin işğal altında olması, bu ərazilərdən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verib. Qonaqlar Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlərlə tanış ediliblər.

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Coşqun da iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş