DSX: Sərhəd buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər

DSX: Sərhəd buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər

Dövlət Sərhəd Xidməti (DSX) son günlər bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidində məhdudiyyətlərin tətbiq olunması barədə yayılan məlumatlara münasibət bildirib.

DSX-nin mətbuat mərkəzinin yaydığı məlumatda KİV-lərdə yer alan bu məlumatların həqiqətə uyğun olmadığı qeyd edilib.

“Azərbaycan Respublikasının həmsərhəd ölkələrlə dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların, sərnişin avtobuslarının, fərdi və yük nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edilməyib. Dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur”, – deyə DSX bəyan edib.

DSX-dən həmçinin bildirilib ki, həmsərhəd ölkələrin sərhəd mühafizə orqanları ilə zəruri məlumat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhədindən buraxılış məntəqələrində tibbi profilaktik tədbirləri gücləndirilib: “Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti dövlət orqanları arasında “koronavirus” xəstəliyinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək səviyyədə təşkil olunub. Sərhəd buraxılış məntəqələrində sanitar-karantin nəzarətinin gücləndirilməsi, “koronavirus” xəstəliyinə yoluxmalarına şübhələr yaranan şəxslərin aşkarlanması və tibbi təxliyəsi istiqamətində kompleks profilaktik tədbirlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində tibbi personalın və təcili tibbi yardım avtomobillərinin fasiləsiz fəaliyyəti təşkil olunub. Ölkəyə daxil olan vətəndaşların hər birinin bədən hərarəti mütləq qaydada müasir tibbi texniki vasitələrdən istifadə olunmaqla yoxlanılır, hərarətinin yüksək olmasına şübhələr yaranan şəxslər daha dərinləşdirilmiş tibbi müayinələrə cəlb olunur və zərurət olduqda tibbi təxliyələri təşkil edilir.

Dövlət sərhədindən keçən şəxslərin “koronavirus” xəstəliyinə qarşı profilaktik tədbirlər haqqında maarifləndirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Buraxılış məntəqələrində xidmət aparan şəxsi heyət tibbi təhlükəsizliklərinin təmin edilməsi məqsədilə fərdi müdafiə və digər tibbi mühafizə vasitələri ilə təmin olunublar”.

KATEQORIYA:
Bu xəbəri paylaş