DSX Sahil Mühafizəsinin döyüş imkanları yüksəlib – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“AzeriDefence”nin məlumatına görə, tədbir iştirakçıları ilk olaraq Heydər Əliyev İdeoloji Mərkəzinə və Sahil Mühafizəsinin tarixini əks etdirən muzeyə baxış keçiriblər.

Tədbirdə çıxış edən DSX-nın Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana məxsus bölməsində karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Sahil Mühafizəsinin fəaliyyəti haqda məruzə ilə çıxış edib.

Ə. Nağıyev bildirib ki, sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılması, dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunub.
Ə. Nağıyev qeyd edib ki, son illərdə dəniz sərhədlərinin daha müasir şəkildə mühafizəsi üçün böyük işlər görülür. Dövlət Sərhəd Xidmətinin rəisinin müvafiq əmri ilə dəniz sərhəd zastavaları, limanlar Sahil Mühafizəsinin tabeliyinə verilib. Şəxsi üzmə vasitələri qeydiyyatdan keçirilib.

Ə. Nağıyev qeyd edib ki, Sahil Mühafizəsinin gəmiləri və şəxsi heyəəti Günəşli yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın aradan qaldırılması, itkin düşənlərin axtarışında yaxından iştirak edib: “Yanğının söndürülməsi zamanı Sahil Mühafizəsinin 2 gəmisinin artilleriya qurğuları ilə köməklik edilib”.

DSX-nın Sahil Mühafizəsinin rəisi əlavə edib ki, ötən il 353 nəfər şəxs dəniz sərhədlərini pozduğuna görə saxlanılıb. Üç halda Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. 4 halda isə dənizdə batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib.

“Bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi qoyulmuş tapşırıqların icrası üzrə mükəmməl bir hərbi qurumdur. Sahil Mühafizəsi bu gün ən müasir texnika, silah və raket kompleksi ilə təchiz olunub”, deyə Ə. Nağıyev qeyd edib.

Daha sonra çıxış edən DSX rəisi – Sərhəd Qoşunları komandanı general-polkovnik Elçin Quliyev Sahil Mühafizəsinin şəxsi heyətini təbrik edib.

DSX rəisi qeyd edib ki, bu gün Xəzər dənizinin Azərbaycana məxsus hissəsində mümkün təhdidlərə, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, döyüş imkanlarının artırılması istiqamətində gəmilərdə yeni artilleriya və zenit raket qurğuları quraşdırılıb. Sahil Mühafizəsinin gəmiləri sürət və manevr imkanları ilə fərqlənən yeni gəmilərlə təchiz olunub.

E. Quliyev deyib ki, dövlətin qayğısı dövlət sərhədlərinin mühafizəsinə müsbət təsir göstərir: “Eyni zamanda, sərhədçilərin sosial vəziyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər davam etdirilir. Artıq bir çox dövlətin sərhəd xidmətləri Azərbaycan DSX-nın Sahil Mühafizəsinin təcrübəsini öyrənir. Son illər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi şərəfli bir yol keçib. Bu gün dövləti qayğı nəticəsində dövlət sərhədlərinin mühafizəsi etibarlı təşkil olunur. Dövlətin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Əminəm ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daha böyük qələbələr qazanacağıq”.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltif edilib, Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətini əks etdirən videogörüntülər nümayiş olunub.

Daha sonra DSX rəhbərliyi və jurnalistlər DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Müəssisəsində istehsal edilmiş və 2015-ci ildə döyüş sıralarına daxil edilmiş ikinci və üçüncü dərəcəli sərhəd gözətçi gəmilərinə baxış keçiriblər. Məlumat verilib ki, “Tufan” (“Saar 62”) layihəli sərhəd gözətçi gəmisi 25 km mənzilə sahib SPİKE-NLOS idarə olunan raket sistemləri, 1 ədəd “Typhoon” və 2 ədəd “Mini Typhoon” idarə olunan silah sistemi, habelə raket əleyhinə sistem və sualtı müşahidə üçün müasir sonarlarla təchiz olunub. Gəmi uzaq məsafədən hava hədəflərini aşkarlaya bilən radara sahibdir. Bundan başqa, gəmi gecə, sis, duman və pis hava şəraitində müşahidə və nəzarət imkanları təmin edən elektro-optik sistemlərlə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş