DSX Sahil Mühafizəsinin əməkdaşları Xəzərdə batan balıqçıları xilas ediblər

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Xidmətin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX Sahil Mühafizəsinin “Pirallahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları tərəfindən xidməti əraziyə baxış keçirilərkən “PR-1960” bort nömrəli balıqçı qayığının yanalma körpüsündə olmaması aşkar edilib.

Hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qayıqda dənizə çıxmış balıqçıların xilas edilməsi üçün tədbirlər görülüb. Balıqçı qayığının gecə saatlarında Çilov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyən olunub.

Axtarış-xilasetmə tədbirləri nəticəsində icazəsiz olaraq dənizə çıxmış balıqçılar – Pirallahı rayon sakinləri Qurbanov Arif Umud oğlu və Məlikov Ramiz Tofikoviç suda olan dirəyin üzərində aşkar olunub və xilas edilərək sahilə təxliyyə olunublar.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən dənizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nömrəli balıqçı qayığı da aşkarlanaraq sahilə çıxarılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş